"Səni Allaha eşq götürür" - Qənirə Paşayevanın yeni kitabının təqdimatı oldu

 14:17 13.10.2022     172

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın müəllifi olduğu "Səni Allaha eşq götürür" kitabının və müəllifi, həmmüəllif, layihə rəhbəri olduğu daha 6 kitabın imza mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, imza mərasimi Vlll Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Ekspo Mərkəz"in "NATƏVAN" Təqdimat zalında baş tutub.

Mərasim çərçivəsində qızların təhsilinin, biliklərə yiyələnməsnin vacibliyi ətrafında söhbətlər, müzakirələr aparılıb.

Q.Paşayeva adıkeçən kitabın təkrar nəşrinə, oxucu marağına görə məmnuniyyətini və təşəkkürlərini yetirib.

"Addım-addım Albaniya", "Sirlər dünyasına səyahət: MİSİR", "Ağ filin uğur gətirdiyi ölkə: TAİLAND", "Addım-addım Yaponiya" və digər yeni kitabların yazılma səbəbi, onların mətn-mundəricəsi haqqında danışan Q.Paşayeva, müxtəlif illərdə səfər etdiyi ölkələrin təbiət və insan gözəlliklərini, həqiqətlərini oxucularla bölüşmək istədiyini vurğulayıb.

Beynəlxalq Kitab Satış -Yarmarkasının artıq 8-ci dəfə keçirilməsini mühüm hadisə adlandıran Komitə sədri, belə sərgi-yarmarkaların önəmini əsaslandırıb: "Çoxsaylı yerli və xarici nəşriyyat, poliqrafiya müəssisələri və kitab evlərinin iştirakı ilə keçirilməsi Bakı Kitab Sərgi-Yarmarkasının uğurudur.

Əhali arasında oxu mədəniyyətin təşviqi, yazıçılarla oxucular, o cümlədən məktəblilər, müəllimlər, nəşriyyatlar arasında görüşlər üçün platformanın, işgüzar münasibətlərin qurulması, kitab sənayesinin inkişafı, çağdaş ədəbiyyatın və müəlliflərin təbliği və s. sərgi-yarmarkasının, o cümlədən bizim "Məktəblərə kitab bağışı" kampaniyası və kitabların satışından əldə edilən gəlirin yönəldildiyi xeyirxah aksiyaların da əsas qayəsidir. Biz ünsiyyət və təcrübə mübadiləsi vasitəsilə yeniyetmələrimizi, gənclərimizi oxuya dəvət imkanlarının, kitaba dönüşün artacağına, xeyirxahlıq institumuzun inkişafna töhfə olacağına inanıram".

Qeyd edək ki, Q.Paşayevanın kitablarının satışından əldə olunan bütün gəlir uzun illərdir sonsuzluq problemindən əziyyət çəkən 4 ailəyə övlad sevinci bəxş etmək üçün onlara bağışlanılacaq.

Qənirə Paşayeva imza mərasiminə qatılan və xeyirxah aksiyaya dəstək verən qurumların təmsilçilərinə, ziyalılara təşəkkür edib, ürək sözlərini bölüşüb.

Q.Paşayeva kitablarını oxucular üçün imzalayıb, onlarla xatirə şəkli çəkdirib.

Həmidə İBRAHİMOVA