"Nə pul? Nə yol xərci? Biz onları heç görmüşük ki, pul da versinlər" - AYB-nin bölmə rəhbəri

 17:34 27.10.2022     164

Xəbər verdiyimiz kimi ötən gün Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçirilib. Xalq yazıçısı Anar birliyin yenidən sədri seçilib.

Lakin qurultay zamanı jurnalistlərin Xalq yazıçısı, AYB-nin sədr müavini Çingiz Abdullayevin Yazıçılar Birliyinə qurultaya görə ayrılan vəsaitlə bağlı suallar ünvanlayarkən o qarşı tərəfi təhqir edib. Jurnalistin ünvanına ağır ifadələr işlədib. Məsələ iki gündür sosial şəbəkələrdə müzakirə mövzusudur.

Redaktor.az xəbər verir ki, manset.az baş verən bu qalmaqalla bağlı məsələni  diqqətdə saxlayıb. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Çingiz Abdulayevin təhqir etdiyi jurnalistə "biz rayonlardan gələn nümayəndələrə, bölmə rəhbərlərinə yol pulu vermişik" ifadəsi ilə bağlı araşdırma edib. Məlum olub ki, birliyin bir sira rayon nümayəndələri qurultayda iştirak etməyib. İştirak edənlər isə öz hesablarına, şəxsi maşınları ilə gəliblər.

Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin rəhbəri Fikrət Aslan: 

"Mən qurultayın vaxtını unutmuşdum. Yadımdan çıxmışdı deyə iştirak etməmişəm. Həmin vaxtı zəng etdilər dedim ki, bağışlayın, yaddan çıxarmışam. Onlar da məni başa düşüblər."

Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin rəhbəri Qafar Cəfərli:

"Mən də birliyin cənub bölməsinin rəhbəri kimi 11 nəfərlə qurultayda iştirak etmişəm. Bizdə 6 rayon nümayəndəliyi daxildir. Hərə öz maşını ilə qurultaya gedib. Maşını olmayanları da yoldaşlar götürüb, bir yerdə getmişik. Nə pul? Nə yol xərci? Biz heç onları görmüşük ki, yol xərci də alaq! Öz təşəbbüsümüzlə getmişik."

Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan bölməsinin rəhbəri Asim Yadigar:

"Bizə nə lazımdır olunub, çağırıblar təyyarə ilə gəlmişik. Anket doldurmursunuz ki, hər şeyi soruşursuz...Hər şey olunub."