Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq kitab festivalında təmsil olunur - FOTO

 11:10 03.11.2022     1717

Özbəkistan Respublikası Prezidentinin Administrasiyası nəzdində İnformasiya və kütləvi kommunikasiya Agentliyi ölkənin müxtəlif nazirlik və komitələrinin dəstəyi ilə 2019-cu ildən “TASHKENT BOOK FEST” Beynəlxalq Kitab Sərgi-Yarmarkasını keçirir.

Redaktor.az xəbər verir ki, sərgi-yarmarkanın əsas məqsədi  kitab və mütaliənin təbliği, mütaliə mədəniyyətinin formalaşdırılması, iştirakçı ölkələrin ədəbi irsinin dəstəklənməsi və inkişaf etdirilməsi, qlobal poliqrafiya sənayesinin təcrübəsinin öyrənilməsi və beynəlxalq əlaqələrin qurulmasıdır.

Açılış mərasimində çıxış edən Özbəkistan Respublikası Prezidentinin Administrasiyası nəzdində İnformasiya və kütləvi kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev ölkədə kitab sənayesinin, mütaliənin inkişafına dövlətinin böyük qayğısı olduğunu qeyd edərək, Daşkənddəki “UzExpo Center” Sərgi  Mərkəzində keçirilən tədbirə maraq böyük olmasından məmnunluğunu bildirib. O, Özbəkistan Respublikasının aparıcı kitab sənayesi təşkilatları, mədəniyyət müəssisələri ilə yanaşı, Sərgi-Yarmarkada Azərbaycan, Türkiyə, Misir, Qazaxıstan, Rusiya, Böyük Britaniya, Belarus, Qırğızıstan dövlətlərinin milli stendinin  təşkil olunduğunu qeyd edib.

Qeyd edək ki, bu il 2-4 noyabr tarixlərində keçirilən III “TASHKENT BOOK FEST” Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycanı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edir.

“UzExpo Center” Sərgi  Mərkəzinin görkəmli yerində təşkil olunmuş və daha geniş sahə verilmiş  Azərbaycan stendi ölkəmizin milli mədəniyyətinə dair elementlərlə, suvenir, xalçalar, posterlər, bayraqlarımızla bəzədilmiş və stenddə ölkəmizə dair Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan və Özbək dillərində nəşrlər yer alır.

Azərbaycan stendində ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı, Ermənistanın Azərbaycana təcavüzü, işğalçılıq siyasətinə dair nəşrlər, habelə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin təbliği məqsədi ilə nəşr olunan  kitablar sərgilənir.

Milli stendimizdə Azərbaycanın dahi mütəfəkkiri Nizami Gəncəvi və Özbək ədəbiyyatının tanınmış şairi Əlişir Nəvainin portretləri, onların Azərbaycan və Özbək dillərinə tərcümə olunmuş Xəmsələri nümayiş etdirilir.

Yeni kitablar olaraq Özbək dilində “Kitabı Dədə Qorqud”, "Azərbaycan və Özbəkistanın atalar sözləri, Mirzə Ələkbər Sabir, Əhməd Cavad, Şah İsmayıl Xətayinin əsərləri sərgi iştirakçılarına təqdim olunur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu il “Şuşa ili” elan olunmasını nəzərə alaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Xurşidbanu Natəvanın Özbək dilinə tərcümə edilmiş və yeni çap olunmuş  kitabı, habelə  Özbək müəllif Şuxrat Salamovun «Zəngəzur - Türk dünyasının qapısı» adlı nəşrin Sərgi-yarmarkada tanıtım layihəsi keçiriləcək və ictimaiyyətə təqdim olunacaqdır.

T.İSMAYIL

222222222222222