“Şuşa yəhudilərin gözü ilə” sənədli filmi təqdim edildi - FOTO
Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) “Şuşa yəhudilərin gözü ilə” adlı sənədli film nümayiş etdirilib.
Dövlət Komitəsindən Redaktor.az-a bildirilib ki, tədbirdə ölkə ictimaiyyətinin tanınmış şəxsləri, yəhudi icmasının, ABŞ, Fransa və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Komitənin sektor müdiri Səlhət Abbasova Azərbaycan xalqına şanlı Zəfər tarixi yaşatdığı üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və qüdrətli Azərbaycan Ordusuna minnətdar olduğumuzu bildirib. Ermənistanın bütün təxribat və revanşist yanaşmalarına baxmayaraq, Cənubi Qafqaz bölgəsində uzunmüddətli və davamlı sülhün bərqərar olması, sülh müqaviləsinin imzalanması naminə Azərbaycan dövlətinin nüfuzlu beynəlxalq təşkilatlarla birlikdə bu istiqamətdə ciddi səylər göstərdiyinə diqqəti cəlb edib.
Azərbaycan diasporunun ötən dövr ərzində, eləcə də Vətən müharibə zamanı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rolu, Vətənə hərtərəfli dəstəyi, bu il Dünya Azərbaycanlılarının V Qurultayında Prezidentin diaspor fəaliyyəti ilə bağlı qarşıya qoyduğu vəzifələrin dərhal nəzərə alındığı və icrasının təmin edilməsi istiqamətində işlərin aparıldığı nəzərə çatdırılıb.
Bu il həm də Azərbaycan-İsrail arasında diplomatik münasibətlərin yaradılmasının otuz illiyinin qeyd olunduğunu xatırladan sektor müdiri ölkələrimiz və xalqlarımız arasında tarixən mövcud olan dostluq ənənələrindən danışıb, “Şuşa yəhudilərin gözü ilə” sənədli filminin də bu ənənələrə töhfə olduğunu vurğulayıb.
Sonra filmin müəllifi, “Kanal24.az” internet kanalının və xəbər saytının baş redaktoru Səadət Şükürova İsraelov ekran əsərinin yaradılması ideyasından, mədəniyyət paytaxtımız Şuşada aparılan çəkilişlərdən və filmin üzərində işləməsindən danışıb.
Filmin nümayişindən sonra Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri, Amerika yəhudiləri icmasının üzvü, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Fransada yaşayan tanınmış pianoçu Adilə Əliyeva, tarixçi alim İbrahim İbrahimov, Milli Məclisin üzvü Anatoli Rafailovun köməkçisi Məhsəti Əliyeva və başqaları çıxış ediblər.
“Şuşa yəhudilərin gözü ilə” filmini yüksək qiymətləndirən qonaqlar Vətən sevgisindən, Qarabağ bölgəsindəki Zəfərin dünya azərbaycanlıları və dost icmaları üçün dəyərindən, Azərbaycandakı bütün icmaların fəaliyyəti üçün yaradılmış gözəl şəraitdən danışıblar. İsrail-Azərbaycan dövlətləri arasında strateji tərəfdaşlıq münasibətlərinə, Azərbaycandakı yəhudi icmasının və İsraildəki Azərbaycan diasporunun bu istiqamətdə aktiv fəaliyyətinə toxunan tədbir iştirakçıları Azərbaycandakı yəhudi icması üzvlərinin I və II Qarabağ müharibələrində ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda qəhrəmanlıqla vuruşduqlarını, DİDK-nın Şuşa şəhərinə təşkil etdiyi səfərlərə yəhudi icması nümayəndələrinin də qatıldığını, yəhudi jurnalistlərin və politoloqların işğaldan azad edilmiş Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması prosesində mühüm rol oynadıqlarını bir daha xatırladıblar. İrəvan Dövlət Azərbaycan Dram Teatrında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova həsr olunmuş tamaşa hazırlanacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, filmin ilk təqdimat mərasimi İsrailin Netanya şəhərində baş tutub.
















