"Gənclər daha çox “ədəbiyyat olmayan" ədəbiyyat oxuyur" - Nərgiz Cabbarlı

 16:52 14.11.2022     293

“Kitab sərgilərində çox iştirak edirik. Bu çox sevindirici haldır.  Son 4-5 ildə kitabla bağlı çox maraqlı layihələr, beynəlxalq və yerli sərgilər həyata keçirilib. Kitab işi ilə məşğul olanlar üçün Azərbaycan Naşirlər İctimai Birliyi (ANİP) yaradılıb.Onların təşkilatçılığı ilə Azərbaycanın müxtəlif bölgələrindədə də sərgilər keçirilir. Və bu da kitab adına müəyyən bir fəaliyyətin yüksəldiyi, yəni daha aktiv fəaliyyətlə məşğul olan insanların bu işə maraq göstərdiyi üçün sevindirici haldır. Bu proses artıq başlayıb. Bunları müşahidə etmək çox xoşdur.”

Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycanda kitaba olan maraqdan danışan “Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı deyib.

Onun sözlərinə görə, Azərbaycan oxucusunun kitab alıcılığı səviyyəsi hələ ki aşağıdır:

“Bu da maddi durumla bağlı olan məsələdir. Amma bu, o, demək deyil ki, oxucu maraqlanmır. Oxucu maraqlanır və kitab əldə etmək istəyir. Çünki sərgilərdə bizə yaxınlaşıb kitabları əlinə alıb baxan, maraqlanan, oxuyan oxucuları çox görürük. Sadəcə, elə biz də daxil olmaqla, bu sahədə olmağımıza baxmayaraq, oxucu bir ayda neçə kitab ala bilər? Bizim büdcəmiz buna nə dərəcə imkan verir? Bu suallar meydana çıxanda görürük ki, hətta biz, yəni bu işlə məşğul olanlar,  kitaba pul xərcləməkdə çətinlik çəkirik. Yəni bu problem alıcılıq qabiliyyəti və üstəgəl kitabın qiymətinin baha olması ilə bağlıdır. Baxmayaraq ki, Azərbaycanda kitabla bağlı vergi götürüldü, amma kağızın qiyməti elə bir səviyyəyə qalxdı ki, verginin götürülməsinə sevinməyə imkan vermədi. Çünki kağız çox bahadır. Bir kitabın maya dəyəri həddindən artıq baha başa gəlir. Buna görə də təbii olaraq kitab bazara, alıcıya baha təqdim olunur, o da ala bilmir.”

N.Cabbarlı bununla belə əlavə etdi ki, Azərbaycanda oxuculuq qabiliyyəti əvvəlki illərə nisbətən artır:

“Mütaliə etmək mədəniyyət, ailədən gələn ənənə, insanın savadı ilə bağlı olan məsələdir. Bizdə oxuculuq qabiliyyəti əvvəlki illərə nisbətən artır. Yəni bunu ən azından kitab işi ilə məşğul olan adamlar hiss edirlər. Əvvəllər tez-tez deyirdik ki, həmişəki Azərbaycan oxucusu azalıb, uşaqlar, gənclər oxumurlar. Amma son illər keçirilən bu sərgilər, təqdimatlar, kitab tədbirləri göstərdi ki, cavanlar oxuyurlar, amma nə oxuyurlar? Oxuduqları nədir? Təəssüf ki, gənclər daha çox “ədəbiyyat olmayan ədəbiyyat” oxuyurlar. Bestsellərə daha çox maraq göstərirlər, nəinki ciddi ədəbiyyata. Və bu da dünyada gedən prosesdir. Yəni tək Azərbaycan oxucusu ilə bağlı məsələ deyil. Həmişə yüngül ədəbiyyat daha çox maraq cəlb edib. İnsanlar düşünmək üçün deyil, əylənmək üçün daha çox oxuyurlar. Amma buna baxmayaraq bizim ciddi oxucularımız var, biz onları həmişə görürük və onların sayının artmasına da sevinirik. Kaş ki, oxucunun alıcılıq bacarığı ilə bizim onlara təqdim etdiyimiz kitab arasındakı bağlılıq qənaətbəxş olardı. Heç olmasa oxucu özünə ayda bir-iki kitabı ala bilsin. Təəssüf ki, biz o yerə gəlməmişik. Lakin irəliyə doğru xeyli addım atılıb. Və  bu bizi - kitabla məşğul olan istənilən bir insanı təbii ki , sevindirir.”

Həmidə İbrahimova