Azərbaycanın Əməkdar mədəniyyət işçisi vəfat edib

 23:15 19.11.2022     125

Azərbaycanın tanınmış teatr xadimi, Əməkdar mədəniyyət işçisi Natiq Gülməmmədov vəfat edib.

Redaktor.az xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, N.Gülməmmədov 1955-ci il iyunun 10-da Naxçıvanın Şərur rayonunda anadan olub. O, 1972-ci ildə Qarabağlar kənd orta məktəbini bitirib, 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif fakültəsinə daxil olub, 1991-ci ildə institutu bitirib.

1973-1979-cu illərdə Naxçıvan Dram Teatrında müxtəlif sahələrdə işləyib. 1980-1988-ci illərdə Musiqili Komediya Teatrında bədii quruluş hissə müdiri, 1988-1997-ci illərdə Akademik Milli Dram Teatrında baş inzibatçı, 1997-2003-cü illərdə Musiqili Komediya Teatrında baş inzibatçı, 2003-2010-cu illərdə Akademik Milli Dram Teatrında direktor müavini, 2010-2015-ci illərdə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifələrində çalışıb.

N.Gülməmmədov 2016-cı ilin yanvarından Akademik Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunub. Həmin ilin dekabrında Akademik Milli Dram Teatrının sərəncamçı direktor vəzifəsindən azad edilib və Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsinə təyin olunub.

N.Gülməmmədov 2022-ci ildən yaşı ilə əlaqədar təqaüdə çıxıb.

Qeyd edək ki, N.Gülməmmədov həmçinin tanınmış televiziyaçı, Türkiyədə ümumrespublika kanalı olaraq yayımlanan “Haber Global” televiziya kanalının Baş direktoru Məmməd Gülməmmədovun əmisidir.

Allah rəhmət eləsin!