"Türkiyənin özü 3 hərf artırmalıdır ki, ortaq əlifba ilə uyğunlaşsın" - Türkoloq alim

 16:18 05.12.2022     721

Bu gün türk dövlətləri arasında əlaqələr keçmişlə müqayisədə daha yüksək səviyyədə qurulub. Bu dövlətlər arasında siyasi, iqtisadi, mədəni əlaqələr günü-gündən inkişaf edir. Müxtəlif sahələrdə əməkdaşlıqlar üçün əsas şərtlərdən biri isə ortaq ünsiyyət dilidir.

Maraqlıdır, həqiqətən də, vahid türk dilinin və əlifbasının yaradılmasına ehtiyac varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan türkoloq, professor Firudin Cəlilov hesab edir ki, bu gün türk dövlətlərinin əlaqəsi hələ yüksək səviyyədə deyil, görüntü səviyyəsindədir.  

“Bir digər məsələ də, türk dövlətlərinin birliyi yox, hələ təşkilatı yaradılıb. Amma birliyin yaranması üçün çox ciddi işlər görülməlidir. Bu məsələ ağıllı, elmi şəkildə qurula bilmir. Çünki bu işlə məşğul olanlar məmurlardır. O məmurlar ki, türkçülük haqqında heç bir təsəvvürləri yoxdur, əksinə rus məktəbini bitiriblər. Bu dəqiqə Türkiyə də bu baxımdan geri qalıbdır. Türkiyə hələ də Altaydan gəldiklərini düşünən toplumdur. Yəni bu təfəkkürdə olan adamların ağıllı şəkildə Türk Dövlətləri Birliyi yaratması mümkün deyil, ancaq kağız üzərindədir”, - professor qeyd etdi.

Onun sözlərinə görə, Türk Birliyinin yaranmasına aparan bir neçə yol var:

“Birincisi, ortaq türk əlifbasıdır. İkincisi, ortaq dərsliklərdir. Məsələn, Almatıda birinci sinfə gedən şagird ilə İstanbulda, Bakıda birinci sinfə gedən şagird eyni dərslikləri oxusunlar. Bundan 10 il sonra həmin Birlik avtomatik yaranacaq. Üçüncü addım isə ortaq dildir ki, onu da hələ seçə bilmirlər ki, hansı dil olmalıdır. Çünki o sahə ilə mütəxəssislər məşğul olmalıdır. Sonrakı mərhələlər aydındır ki, ortaq gömrük, ordu və sairdir”.

Türkoloq qeyd etdi ki, Türk Birliyinə gedən yolun birinci addımı ortaq əlifba ilə bağlı vəziyyət bu gün elə də ürəkaçan deyil:

“Biz 30 ildir, ortaq türk əlifbası istifadə edirik. 1991-ci ildə İstanbulda bütün türk alimləri yığışdı 34 hərfdən ibarət vahid türk əlifbasını qəbul etdik. Mən də o əlifbanı gətirib burada - parlamentdə təsdiq etdirdim. Yəni Azərbaycan yeganə türk ölkəsidir ki, 30 ildir, ortaq türk əlifbası işlədir. Bəs digər dövlətlər bu müddətdə nə iş görürdülər? Hərəsi özünə bir latın əlifbası düzəltdi. Bütün bunlar bizi birliyə yox, ayrılığa aparır. Hətta Türkiyənin özü 3 hərf artırmalıdır ki, ortaq əlifba ilə uyğunlaşsın. 30 ildir, Türkiyə bunu edə bilmir. Mən buna görə də hazırda Türk Birliyinə gedilən yolu bəyənmirəm. Necə bəyənə bilərəm ki? Bu siyasəti düzgün aparmırlar”, - deyə Firudin Cəlilov vurğuladı.

Nərmin VÜQARQIZI