Almaniya səfirliyi Türkiyə əleyhinə filmin nümayişindən İMTİNA ETDİ

 17:27 30.11.2022     364

Xəbər verdiyimiz kimi, Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş "Odda - İki bacı" ("Sisters apart") filmini nümayiş etdirməkdən imtina edib.

Anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də kinoteatrlar filmin nümayişindən birmənalı şəkildə imtina edib. Buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə "Landmark"da nümayiş etdimək niyyətindədir. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb.

Almaniya səfirliyi sözügedən məsələ ilə bağlı Redaktor.az-ın göndərdiyi sorğuya açıqlama verib.

Açıqlamada deyilir ki, “Odda-İki bacı” filminin nümayişi baş tutmayacaq.

"Təəssüf ki, film haqqında yanlış təəssürat yaranıb. Bu filmin səhv anlaşılmaması üçün filmi nümayiş etdirməmək qərarına gəldik. Filmdə uzun illərdir bir birindən ayrı düşmüş iki miqrasiya keçmişi olan bacının şəxsi hekayəsindən bəhs edir. Almaniyada insanların təxminən dörddə biri miqrasiya keçmişinə malikdir, öz ailələrinin mənşəyi və şəxsiyyət sualları ilə maraqlanırlar. Bu səbəbdən də filmin alman cəmiyyəti üçün xüsusi aktuallığı var.

Filmin məqsədi məhz bu idi və buna görə də Azərbaycanda nümayişi planlaşdırılırdı. "Landmark" kinoteatrı son həftələr Aİ Film Festivalı çərçivəsində dəfələrlə filmlər nümayiş etdirib və buna görə də "Odda-İki bacı" filminin nümayişi üçün də nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, "Landmark" kinoteatrı bu film nümayişinin təşkilatçısı deyil",- deyə qeyd olunub.

Həmidə İbrahimova