"Bundan əvvəlki həkimlər düzgün müalicə etməyiblər" - Avtandil İsrafilovun xanımı AÇIQLADI
Dekabrın 2-si axşam saatlarında xəstəxanaya yerləşdirilən tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun vəziyyəti yaxşılığa doğru irəliləyir.
Xalq artistinin həyat yoldaşı Zemfira İsrafilovanın Redaktor.az-a verdiyi məlumata görə, musiqiçi artıq palataya yerləşdirilib:
“Bir neçə gün reanimasiyada qaldıqdan sonra vəziyyəti yaxşılaşıb. Palataya yerləşdirilib. Huşu özündədi, nitqi tam bərpa olmasa da danışır, nə istədiyini birtəhər başa düşürük. Yavaş-yavaş yeməyə də başlayıb, amma çox zəifdir.”
Zemfira xanımdan həkimlərin Xalq artistinə hansı diaqnozu qoyduqlarını soruşduqda bildirdi ki, bu barədə əsasən qızı Həcər daha məlumatlıdır:
“Diaqnozla bağlı açıqlama verə bilmərəm, amma onu deyə bilərəm ki, biz onu reanimasiyaya yerləşdirəndə vəziyyəti çox ağır idi. Bundan əvvəlki həkimlər düzgün müalicə etməyiblər, sidiyi bədəninə yayılıb, qanını zəhərləyib. Qarnına neçə litr su yığılmışdı, onu çəkəndən sonra bədəninin də şişi çəkildi. İndi ağciyərlərində suyun çəkilməsi üçün müalicəsi davam edir. İnşallah hər şey yaxşı olacaq. Buna inanıram”.
Tunar Altunbay












