Vətən müharibəsi barədə filmlərimiz niyə yoxdur?
Vətən müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, hələ də xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bu şanlı səhifə, neçə-neçə qəhrəman igidimizin qanı bahasına torpaqlarımızın düşmən tapdağından azad olunması barədə nəinki dünya miqyasında tanınan, heç öz tamaşaçılarımız üçün normal bir audiovizual əsər ortalığa çıxmayıb. Baxmayaraq ki, Vətən Müharibəsində məğlub etdiyimiz Ermənistan artıq Azərbaycan əleyhinə filmlər çəkib və hətta həmin filmlər beynəlxalq festivallarda yer də tutublar.
Eyni zamanda, qonşu Rusiyada son illər müharibə mövzusunda, əsasən də Böyük Vətən Müharibəsi ilə bağlı yüzlərlə bədii film və serial çəkib. Bu filmlər Rusiya Mədəniyyət Nazirliyinin iştirak ilə ərsəyə gəlib. Qardaş Türkiyədə isə bu mövzuda filmlərin, tele-serialların çəkilməsi istiqamətində sanki yarışma gedir. Bu sənət əsərlərinə baxdıqda sözün yaxşı mənasında adamın paxıllığı tutur. Bəs, bizdə niyə Vətən Müharibəsini tərənnüm edən filmlər, audiovizual əsərlər yoxdur?
Məsələ ilə bağlı Redaktor.az-ın Mədəniyyət Nazirliyinə göndərdiyi sorğuya cavab olaraq bildirildi ki, ötən dövr ərzində Vətən müharibəsindəki qələbəmizə həsr olunmuş 30-dan artıq müxtəlifmetrajlı filmin istehsalına maliyyə dəstəyi göstərilib. Bu ekran əsərləri arasında həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən çəkilən filmlər var:
“Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi mövzusunda keçirilmiş “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi uğurla başa çatıb, müsabiqədə seçilən 11 layihənin istehsalı tamamlanıb. Bu filmlərdən bəzilərinin təqdimatı təşkil olunub və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Bundan əlavə, Nazirliyin dəstəyi ilə bu mözuda çəkilən çəkilən “Biz” və “Şuşa, sən azadsan!” sənədli filmləri artıq 2021-ci ildə tamaşaçılara təqdim olunub.
Eyni zamanda, ötən müddətdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə İctimai Televiziyanın müştərək işi olan “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsindən 11 film istehsal olunub. Bu filmlərin hər biri müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli döyüş yolundan bəhs edir. Sənədli silsilə İctimai Televiziyada nümayiş etdirilib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb”.
Açıqlamada o da qeyd olunub ki, internetdə sözügedən filmlərin onlayn baxış sayı artıq 3 milyonu keçib:
“Biz hazırda bu layihəni davam etdiririk. Eyni zamanda, “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” adlı silsilə çərçivəsində Vətən Müharibəsi qəhrəmanları haqqında sənədli filmlərin istehsalı davam etdirilir. Nazirliyin dəstəyi ilə "Azərbaycanfilm"də Vətən müharibəsindəki qələbəmizə həsr edilən “Həyat, deyəsən, gözəldir” tammetrajlı bədii filmi istehsal olunub və film Türkiyədə keçirilən 2-ci "Korkut Ata" Türk Dünyası Beynəlxalq Film Festivalında "Ən yaxşı rejissor işi" nominasiyasının qalibi olub”.
Həmçinin nazirliyin dəstəyi ilə "Narimanfilm" kinostudiyasında çəkilən "Doğma torpaq" tammetrajlı bədii filminin istehsalı tamamlanmaq üzrədir.
Nəhayət, nazirliyin təşəbbüsü və dəstəyi ilə isə Türkiyənin "Bozdağ Film" şirkəti tərəfindən "Qarabağ Vətən Müharibəsi" adlı çoxseriyalı bədii filmin istehsalının hazırlıq mərhələsi başa çatıb:
“Gələn ilin yaz aylarında filmin çəkilişlərinə başlanılması planlaşdırılır”,- deyə nazirlikdən bildirilib.
Həmidə İbrahimova












