Komitə sədri Xalq rəssamını təbrik etdi - VİDEO
Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Arif Əzizin 80 illik yubileyi münasibətilə Müasir İncəsənət Muzeyində təşkil olunmuş “Bəyaz” adlı sərginin açılışında çıxış edib.
Redaktor.az xəbər verir ki, Müasir İncəsənət Muzeyi, Mədəniyyət Nazirliyi, Media FM, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin təşkilatçılığı ilə keçirilən sərginin açılışında çıxış edən Q.Paşayeva görkəmli rəssamın həyat və fəaliyyətindən söz açıb, ürək sözlərini bölüşüb.
Komitə sədri diqqətə çatdırıb ki, Arif Əziz ötən yüzilliyin 70-ci illərindən başlayaraq dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində əzmlə çalışaraq, Azərbaycan incəsənətinin çağdaş səviyyəsənin müəyyənləşməsinə, formalaşmasına böyük təsir göstərib:
“İlk bədii təhsilini 190-65-ci illərdə doğma Bakıda – bütün SSRİ məkanında məşhur olmuş Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (indiki Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində) alan Arif Əziz, daha sonra isə keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarından olan Moskva Ali Bədii-Sənaye Məktəbinin “Qrafik dizayn” fakültəsində təhsil alıb. Uzun yaradıcılıq yolu keçən rəssam öz istedadı, zəhməti sayəsində böyük uğurlara nail olub. Açılışına yığışdığımız “Bəyaz” adlı bu gözəl sərgi də rəssamın keçdiyi həyat və sənət yoluna nəzər salır, onun ötən illər içində yaratdığı bənzərsiz əsərlərin daha geniş auditoriyaya çatdırılmasına xidmət göstərir”.
Q.Paşayeva Xalq rəssamını qarşıdan gələn 80 illik yubileyi münasibəti ilə təbrik edərək, ona ən xoş arzularını çatdırıb.
T.İSMAYIL












