Nazir istefaya göndərildi - Teatrda yoxlamalar dayandırıldımı?

 16:32 06.01.2023     666

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalara başladı.

Nazirlik bununla bağlı yaydığı açıqlamada bildirirdi ki, sözügedən teatrda pozuntu hallarına dair müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb: “Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb”.

Daha sonra Kukla Teatrının direktoru Rəşad Əhmədzadə mətbuat konfransı keçirərək Mədəniyyət Nazirliyi tərəfindən aparılan yoxlamaların qeyri-qanuni olduğunu bəyan etdi.

Onun sözlərinə görə, yoxlamalara qarşı narazılığını ilk gündən bildirib. "Kukla teatrına qarşı oyun oynanılır" deyən direktor qeyd etdi ki, indiyədək bunun hansı səbəbdən aparılmasına aydınlıq gətirilməyib və nəticələri açıqlanmayıb.

Daha sonra mədəniyyət naziri Anar Kərimov istefaya göndərildi.

Nazir işdən çıxarılandan sonra Kukla Teatrında yoxlamaların davam edib-etməməsini öyrənmək üçün teatrın mətbuat xidməti ilə əlaqə saxladıq. Teatrdan bizə bildirildi ki, bu barədə məlumatı yalnız Mədəniyyət Nazirliyindən əldə edə bilərik.

Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Nuridə Allahyarova isə Redaktor.az-a bildirdi ki, Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalar davam etdirilmir və yenidən hər hansı bir yoxlamanın aparılması nəzərdə tutulmayıb. 

"Bəzi sosial media hesablarında yoxlamanın yenidən keçirilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir",- deyə N.Allahyarova əlavə etdi.

Nərmin VÜQARQIZI