Kukla Teatrında tamaşalar niyə fonoqramla səsləndirilib?
Bakıda uşaqlar üçün keçiirlən Yeni il bayramı şənliklərində hazırlanan tamaşalar fonoqram olub.
Bu barədə Redaktor.az-a daxil olan məlumatda deyilir.
Bildirilib ki, Heydər Əliyev sarayı, Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrında bayram günü uşaqlara təqdim olunan tamaşalarda əvvəldən hazırlanmış fonoqramadan istifadə olunub.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, teatrda fonoqram səslənmə ilə tamaşa nümayişi yalnız məktəblilərin qış tətili və Yeni il bayramı münasibəti ilə hazırlanan “Qar kraliçasının yeni il sərgüzəştləri” adlı şənlik-tamaşaya (səhnə işi Hans Xristian Andersenin “Qar kraliçası” nağılı əsasında hazırlanıb) şamil edilib.
“Bildiyiniz kimi, bayram nümayişlərimiz ötən il dekabrın 26-dan start götürüb və 2023-cü ilin 8 yanvarınadək davam edib. Hər gün 4 seans olmaqla (12, 14, 16 və 18.00) nümayiş olunub. Gördüyünüz kimi, bu sayda nümayiş aktyorlardan həm fiziki, həm də səs texnikası baxımından yüksək əmək tələb edir. Tamaşanın niyə məhz hər gün 4 seans ilə nümayişinə gəlincə, bu, çoxsaylı tamaşaçı tələbatına əsasən müəyyən olunub. Sözsüz ki, teatr-konsert müəssisəsi olaraq bizim üçün əsas meyar tamaşaçı məmnuniyyəti və səhnə aktının yüksək keyfiyyətdə təqdimatıdır. Sırf bu məqamı nəzərə alaraq bayram proqramımızda adıçəkilən təqdimat üsulunu daha məqbul hesab edirik”,- deyə teatrdan bildirilib.
Sorğuda o da qeyd olunub ki, hər seansı anşlaqla keçən bu şənlik-tamaşaların mütləq tamaşaçı auditoriyası balacalardır və seçilən forma ən optimal variantdır:
“Əlavə olaraq bildirək ki, tamaşa-şənlik boyunca şaxta baba və Qar qız kimi Yeni il personajlarının tamaşaçılar ilə bir neçə dəqiqəlik interaktiv ünsiyyəti canlıdır. Onu da diqqətinizə çatdırırıq ki, teatrımızın repertuarındakı digər 44 tamaşa canlı plan və səslənmə ilə təqdim edilir”.
Həmidə İbrahimova