Kinematoqrafçılar İttifaqından istefalarla bağlı AÇIQLAMA

 16:13 26.01.2023     406

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) istefalarla bağlı məlumatlara münasibət bildirib.

Redaktor.az xəbər verir ki, İttifaqın yaydığı məlumata görə, ARKİ-nin Nizamnaməsinə əsasən səbəbindən asılı olmayaraq istənilən üzv olan şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər.

"Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmayıb. Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılıb, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək əksinə adlarından istifadə edərək bu xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildirib", -qurumdan qeyd edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il iyunun 21-də yaradılıb. Həmin gündən İttifaqın sədri vəzifəsini Xalq artisti Şəfiqə Məmmədova tutur. Yenidən Ş.Məmmədovanın sədr seçilməsi barədə məlumatlar İttifaqda narazılıqlara səbəb olub. Əvvəlcə qurumun mətbuat katibi Əli Vəliyev, daha sonra Xalq artisi Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva və başqaları üzvlükdən imtina etdiyini açıqlayıb. Onların üzvlükdən imtinasına İttifaqda olan haqsızlıqların səbəb olduğu iddia edilir.