Deputatlar Esmira Cavadova ilə görüşdü - FOTO

 15:59 19.02.2023     421

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçi, tanınmış zərdabişünas alim Esmira Cavadova ilə görüşüb, onun 80 illik yubileyi ilə münasibəti ilə təbrik edib.

Redaktor.az xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə Q.Paşayeva Esmira xanımın mənalı həyat yolundan danışıb, etnoqrafiya və etimologiya üzrə araşdırmalarından minnətdarlıqla söz açıb. 
Q.Paşayeva yubilyara Komitə adından Qarabağ motivli xatirə hədiyyələri və təbrik məktubu təqdim edib.

Məktubda Esmira Cavadovanın elmi yaradıcılıq uğurlarına vurğu edilir:

“Hörmətli Esmira xanım,
Sizi 80 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
 
Siz Azərbaycan Dövlət Universitetində (indiki BDU-da) ali təhsil almısınız, tarix üzrə fəlsəfə doktorusuz. Əsasən etnoqrafiya və etimologiya üzrə araşdırmalar aparmısız və özəlliklə Həsən bəy Zərdabinin əsərlərində Azərbaycan xalqının məişət və mədəniyyəti mövzusunu dərindən işləmisiniz. İndiyədək 100 məqalə, 9 kitabınız gün üzü görüb. Həsən bəy Zərdabinin etnoqrafik görüşlərini ilk dəfə Siz tədqiq emisiz. Zülfüqar bəy Hacıbəyovun arxivinin üzə çıxarılması, təsvir edilməsi, T.B.Bayraməlibəyovun fondunda qorunan əsərlərin ilk dəfə olaraq nəşri də Sizin adınızla bağlıdır.
“Sətirlərdə döyünən ürək” (Bakı, “Azərnəşr”, 1988), “Cavadov Qəmərşah. Yazdım ki izim qalsın” (Bakı, MBM, 2005), “Professor Qəmərşah Cavadov-70” (Bakı, “Qartal”, 2008), “O həm də görkəmli etnoqraf idi” (Bakı, “Nurlan”, 2009), “Zülfüqar bəy Hacıbəyovun arxivini təsviri” (Bakı, “Elm və Təhsil”, 2012), “Həsən bəy Zərdabinin etnoqrafik görüşləri” (Bakı, “Elm və Təhsil”, 2012), “Теймур бек Байрамалибеков. Избранные произведения” (Bakı, “Elm və təhsil”, 2012), “Деятельность Гасан Бека Меликова (Зардаби) в Бакинской Думе (1897-1907)” (Bakı, “Elm və təhsil”, 2015), “Həsən bəy Zərdabi (Məlikov). Elmi-köməkçi biblioqrafik göstərici” (Bakı, “Elm və təhsil”, 2016) Sizin kitablarınızdır.

Siz 1972-ci ildən 2003-cü ilədək Bakı Mədəni Maarif Texnikumunda (indi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecdə) müəllim, baş müəllim olmusuz. Hazırda AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisiz.

2015-ci ildə milli mətbuatın 140 illik yubileyi ilə bağlı, Azərbaycanda mətbu irsinin öyrənilməsindəki xidmətlərinizə görə Mətbuat Şurasının III dərəcəli Ali Media Mükafatı ilə təltif edilmisiniz.

Sizi 80 illik yubileyiniz və elmi yaradıcılıq uğurlarınız münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

E.Cavadova görüş və təbrik üçün təşəkkür edib.
Görüşdə millət vəkili Jalə Əliyeva və Razi Nurullayev də iştirak edib.

2