Prezident bu şəxslə bağlı sərəncam İMZALADI

 16:17 03.03.2023     763

Prezident İlham Əliyev Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Redaktor.az sərəncamı təqdim edir:

"2023-cü ildə Azərbaycanın görkəmli teatr rejissoru, dövlət mükafatları laureatı, tanınmış pedaqoq, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımovun anadan olmasının 100 ili tamam olur.

Orijinal yaradıcılıq dəst-xəttinə malik fitri istedadlı rejissor kimi Tofiq Kazımov Azərbaycan teatrının repertuarını yüksək bədii-estetik meyarlı səhnə əsərləri ilə daha da zənginləşdirmişdir. Sənətkar özünün teatr məktəbini qurmağa müvəffəq olmuş və həmin məktəb ölkə teatrını irəli apararaq ona yeni nailiyyətlər qazandırmışdır. Tofiq Kazımov milli və dünya dramaturji irsinin diqqətəlayiq nümunələrinə müasirlik kontekstində verdiyi mükəmməl quruluşlarla mədəniyyət salnaməmizə parlaq səhifələr yazmışdır. Onun hazırladığı və ictimai-mənəvi proseslərin axarında zamanın ritmini və insanların təfəkkür tərzini dolğun təcəssüm etdirən novator tamaşalar ideya-bədii bütövlüyü ilə seçilərək teatr ictimaiyyəti tərəfindən həmişə böyük maraqla qarşılanmış, respublikanın mədəni həyatında hadisəyə çevrilmişdir. Sənət xəzinəmizin qızıl fondunda layiqli yer tutan bu səhnə əsərləri bir çox məşhur aktyorların formalaşmasında əhəmiyyətli rol oynamışdır".

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.