ADU-da “Pakistan-Azərbaycan” kitabının təqdimatı keçirilib - FOTO

 13:29 10.03.2023     617

Azərbaycan Dillər Universitetində (ADU) Pakistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə nəşr olunmuş "Pakistan-Azərbaycan" kitabının təqdimatı keçirilib.

Redaktor.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib. Universitetdə 20-dən çox ölkənin dil və mədəniyyət mərkəzinin uğurlu işindən danışan Kamal Abdulla qeyd edib ki, Vətən müharibəsində Pakistanın Azərbaycana olan mənəvi dəstəyi bizim üçün çox əhəmiyyətlidir:

“Bu gün tarixi bir hadisənin şahidi oluruq. “Pakistan-Azərbaycan” münasibətlərini özündə əks etdirən kitabın təqdimatıdır. Bu təqdimat dostluğun, qardaşlığın simvoludur. Biz bu dostluğu və qardaşlığı hər zaman hiss etmişik. Zəfər savaşında da dostluğumuz və qardaşlığımız özünü ən yüksək səviyyədə göstərdi. Azərbaycan bayraqları ilə yanaşı şəhərimizdə Pakistan bayraqlarını da görmək olurdu. İndi də bu bayraq hər birimizin qəlbində dalğalanır”.

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını bildirib. Qeyd olunub ki, “Pakistan-Azərbaycan” kitabı iki dost ölkənin münasibətlərinin inkişafına öz töhfəsini vermiş olacaq. Kitabda ölkələr arasındakı diplomatik, siyasi, iqtisadi, hərbi sahələrdə baş tutmuş görüşlərin və əlaqələr tarixi fotolarla əks olunub.

Kitabın dizayneri Leyla Babazadə kitabın əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, kitabın üz qapağında həm Pakistanın, həm də Azərbaycanın tarixi abidələrini görmək olar. Həmçinin hər iki ölkənin simvolları da kitabın üz qapağında yer alıb. Bu kimi komponentlərin oxucuların diqqətini çəkəcəyinə əminlik vurğulanıb.

Pakistan mədəniyyətinin təbliği ilə məşğul olan Fəxrəndə Həsənzadə Pakistan mədəniyyəti və kulinariyasından danışıb. Qeyd olunub ki, Pakistan zəngin mətbəxə və qədim mədəniyyətə malik ölkələrdən biridir.

Daha sonra Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli və digər çıxışçılar kitabla bağlı fikirlərini bölüşüblər.  

Görüş tələbələrin sualları ilə davam edib.  

Daha sonra ADU-nun Pakistan Dil və Mədəniyyət Mərkəzində tələbələrlə görüş keçirilib.

Həmidə İBRAHİMLİ

2222222