Bakı məktəbliləri Özbəkistanda - FOTO

 10:27 24.03.2023     1577

Azərbaycanın Elm və Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsinin həyata keçirdiyi OCEP layihəsi çərçivəsində Bakı şəhər 53 saylı orta məktəbin müəllim və istedadlı şagirdlərindən ibarət nümayəndə heyəti cari il 21-25 mart tarixlərində Özbəkistanda səfərdədirlər. Layihəyə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycandakı Özbəkistan Səfirliyi xüsusi dəstək göstərir.

Redaktor.az xəbər verir ki, səfər çərçivəsində Bakı şəhər 53 saylı orta məktəbin nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər.

Məktəbin direktoru Tünzalə Zeynalovanın rəhbərlik etdiyi müəllim və şagirdlərdən ibarət nümayəndə heyəti, Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin məsləhətçisi Ceyhun Rəhmanov, OCEP layihəsi üzrə koordinator Namiq Cəfərovla birlikdə Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində Daşkənddə yerləşən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar.

Qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində Ümummilli Lider Heydər Əliyevin büstünü, Şəhidlər xatirə kompleksini ziyarət ediblər.

Nümayəndə heyətini Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qəbul edib və qonaqlara Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı geniş məlumat verərək Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət Mərkəzinin Azərbaycan-Özbəkistan dostluq münasibətləri və mədəni əlaqələrin inkişafı istiqamətində  fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat verib.

Nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzində açılmış Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, habelə Heydər Əliyev, Azərbaycan tarixi və Xalça muzeyləri ilə tanış olublar.

Bakı şəhər 53 saylı orta məktəbin direktoru Tünzalə Zeynalova simvolik olaraq Azərbaycan xalqının Ümummilli Lideri  Heydər Əliyevin anadan olmasının 100 illiyini əks etdirən xalça-portreti Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə edib. Eyni zamanda Mərkəzin direktoru Samir Abbasov 53 saylı məktəbdə yaradılmış Özbəkistanla  bağlı guşəyə XIX əsrdə yaşamış Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın şeirlərinin özbək dilində nəşrini hədiyyə edib.

Daha sonra Mədəniyyət Mərkəzinin konfrans zalında Bakı şəhəri 53 saylı tam orta məktəbin istedadlı şagirdlərinin hazırladığı bədii proqram təqdim edilib. Balaca istedadla milli rəqslərimizi ifa edib, fortepianoda Azərbaycan və Özbəkistanın dövlət himnlərini, Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər. 53 saylı orta məktəbin direktoru Tünzalə Zeynalova və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən adət-ənənələr, ortaq mədəniyyət və dəyərlərdən söz açıb, gələcəkdə birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair fikir və təkliflərini bölüşüblər.

Səfər çərçivəsində Bakı şəhər 53 saylı orta məktəbin nümayəndə heyəti Daşkənd şəhərindəki Prezident Məktəbində olacaq, məktəbdə təhsil üçün yaradılan imkanlar, məktəbin qabaqcıl təcrübəsi ilə tanış olacaqdır.

İlk dəfə olaraq Azərbaycan orta məktəbi olan Bakı şəhər 53 saylı orta məktəblə Özbəkistanın Daşkənd şəhərindəki Əl Biruni adına Beynəlxalq orta məktəblə Qardaşlaşmış məktəblər haqqında müqavilə imzalanacaq.

2222