AzTV-də illər sonra yerli serial - FOTO

 13:59 27.03.2023     636

Azərbaycan Televiziyası serialların çəkilişinə start verib.

Redaktor.az xəbər verir ki, bazar günündən etibarən “Sevginin ünvanı” adlı ilk serial yayımlanacaq.

10 bölümdən ibarət bu serialda narkomaniya, erkən nikah, gender qeyri-bərabərliyi və qadınlara qarşı şiddət kimi problemlərə toxunulur.

Serialın baş qəhrəmanı Bəsti təkcə adını deyil, bütün həyatını dəyişdirir, qarşısına qoyduğu ən böyük məqsədə - ali təhsil almaq arzusuna çatır.

Rollarda Günəş Təqin, Türkay Cəfərli, Zemfira Əbdülsəmədova, Natəvan Qeybani, Hacıbaba Məmmədov, Tunar Əlizadə, Firuzə Balayeva, Günay Əhməd, Simuzər Ağakişiyeva, Vüqar İskəndərli, Aydan Ağalarova, Raqif Məmmədov və başqaları iştirak edir. Serial real hadisələrə, gerçək talelərə əsaslanır.

Filmin quruçuşçu rejissoru Zaur Zeynal, ssenari müəllifi Leyla Qədirzadə, quruluşçu operatoru Aqşin Rzayev, prodüseri Nicat Həsənlidir. Layihənin rəhbəri Həmid Əsədzadədir. İlk bölümün təkrarı bu gün, saat 15:00-da AzTV-də yayımlanacaq. Serialda yeni bölümlərin efirə verilməsi isə hər bazar günü 19:00-da baş tutur (olay).