ADU-da Çinin bayramları qeyd olundu

 11:40 03.04.2023     1672

Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə ənənəvi Çin bayramları olan “Hanşi” – soyuq qida bayramı və “Tsinmin” - təmiz aləm bayramına həsr edilən tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov, yazın gəlişinin, həmçinin həlak olmuş qəhrəmanların xatirəsinin simvolu sayılan bayramların yaranma tarixindən danışıb.

Tədbirdə ADU-nun çinşünas tələbələri bayramlarda ifa olunan nəğmələr və rəqslər, idman yarışları, ilanvari kağızların uçurdulması, şəhərkənarı gəzintilər və yaz fəslində əkin sahələrində görülən işlər barədə məlumat veriblər.

Tədbirdə “Tsinmin” bayramının əcdadların anım günü kimi qeyd edilməsi ilə yanaşı, baharın gəlişini təcəssüm etdirən bayram olduğu qeyd olunub. Çinlilərin bu bayramı ölkənin müxtəlif regionlarının təamları - Tsinmin meyvələri, qara düyü, qovrulmuş xəmir filetləri, yaşıl düyü topları və digər milli yeməklərdən ibarət ailəvi nahar süfrəsi ətrafında qeyd edildiyi söylənilib.