Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi mahnılarla bağlı çağırış etdi

 11:31 06.04.2023     900

"Mənşəyi bilinməyən top-reytinqli bayağı mahnıların intensiv şəkildə yayımlanması ilə “trend-mahnı” anlayışının qeyri-iradi qəbul olunması, milli mədəniyyətimizə yad, bayağı mahnıların insanlara gerçəklik kimi təqdim edilməsi artıq həyəcan təbilinin çalınmasını zəruri edir".

Redaktor.az xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssis Günel Hacıyeva mahnıların monitorinqinin nəticələri ilə bağlı keçirilən tədbirdə deyib.

Ticarət-kommersiya məqsədlərinə yönəldilmiş, arzuolunmaz əxlaqı, aşağı səviyyəli davranış tərzini reklam və diktə edən məqsədyönlü mahnılar insanların həyatına nüfuz etdikcə mənfi tendensiyaların təsirinin qaçılmaz olduğu vurğulanıb.

Aparıcı mütəxəssis Nazlıxanım Teyyubova ifa zamanı müxtəlif səslərin öz məxrəclərindən kənar səsləndirilməsinin, şəkilçilərin, mürəkkəb sözlərin yanlış tələffüz edilməsi və vurğunun yerində işlədilməməsinin adi hala çevrildiyini nəzərə çatdırıb.

Əyani nümunələr əsasında nitq faktlarını təhlil edən məruzəçi bildirib ki, mahnı mətnlərində sözlər əksər hallarda kontekstə uyğun seçilmir, hətta dilin frazeoloji qatını təşkil edən sabit söz birləşmələrinin tərkibi dəyişdirilməklə məna təhrif edilir.

Şəkilçilərin yanlış ixtisar edilməsi, qrammatik göstəricilərin yersiz şəkildə bir-birini əvəzləməsi, söz sırasının pozulması nəticəsində yaranan anlaşılmaz misralar mahnıların monitorinqi zamanı diqqətçəkən məqamlar kimi vurğulanıb.

Mahnılarında yol verilən üslub və ifadə səhvləri barədə də ətraflı məlumat verən çıxışçı mətnlərdə misraların qafiyələnməsinin ön plana keçməsi səbəbindən sözlərin semantik çalarlarından və dilimizin üslub imkanlarından yetərincə istifadə edilmədiyini, həmçinin mənəvi dəyərlərimizə zidd kobud söz və ifadələrə rast gəlindiyini təəssüf hissi ilə qeyd edib.