Özbəkistanda "Şuşa Günləri"nin açılış mərasimi oldu - FOTO

 09:24 12.04.2023     375

Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar olaraq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Özbəkistanda "Şuşa günləri"nin rəsmi açılış mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Özbəkistan Respublikasının mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev, Özbəkistannın Mədəni Meros Agentliyinin rəhbəri Bahadur Abdukarimov, Daşkəndə akreditə olunmuş Türk dövlətlərinin səfirləri, dövlət və hökumət nümayəndələri, çoxsaylı mötəbər qonaqlar, jurnalistlər iştirak ediblər.

"Şuşa günləri" tədbirləri çərçivəsində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı qardaş ölkədə beynəlxalq konfranslar, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərin moda nümayişi, bədii şeir kompozisiyaları və konsertlərin təşkili nəzərdə tutulub.

Tədbir iştirakçıları ilk öncə Mədəniyyət Mərkəzinin önündə Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına və “Şəhidlər və Zəfər” abidə kompleksi önünə çələng və gül-çiçəklər qoyublar.

Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində qonaqlara “Azad və çiçəklənən Şuşa” adlı foto və nəşr sərgisi təqdim edilib.

Mədəniyyət Mərkəzinin böyük konfrans zalında davam edən tədbiri giriş sözü ilə açan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə olaraq keçirilən “Şuşa Günləri” silsilə tədbirlərinin yalnız Azərbaycan mədəniyyəti üçün deyil, Özbəkistan mədəni-ictimai həyatı üçün də mühüm hadisə adlandırıb. O, Şuşanın Azərbaycan mədəniyyəti, musiqisi, poeziyasında müstəsna rolu haqqında danışaraq, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan mədəniyyətinin paytaxtının azad edildiyini, Prezident İlham Əliyev tərəfindən şəhərin Azərbaycan mədəniyyətinin paytaxtı elan edildiyini və TURKSOY təşkilatı tərəfindən 2023-cü il üçün Türk mədəniyyətinin paytaxtı elan olunması haqqında qərar verildiyini qeyd edib. Diplomat bununla da Şuşanın yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtına çevrildiyini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Şuşanın Azərbaycan dövləti və xalqı üçün xüsusi yerə malik olduğunu vurğulayaraq, onun uzun müddət erməni işğalı altında qalmasını, şəhərin dağıdıldığını və tarixi abidələrin məhv edildiyini bildirib. O, Şuşanın erməni işğalından azad olunmasını çox mühüm tarixi hadisə adlandıraraq, hazırda şəhərdə aparılan quruculuq işlərini və keçirilən mühüm beynəlxalq tədbirlərin hər bir azərbaycanlıda qürur hissi yaratdığını bildirib.   

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu il yüzilliyi qeyd olunan Türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzində “Şuşa Günləri”nin açılış mərasiminin keçirilməsini böyük hadisə kimi dəyərləndirib. O, Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rəhbərlik etdiyi Fond tərəfindən dünyanın müxtəlif ölkələrində “Şuşa Günləri”nin keçirilməsinin nəzərdə tutulduğunu, ilk tədbirin Bursada və bu ilin birinci tədbirinin Özbəkistanda keçirildiyini vurğulayıb. O, Şuşanın Azərbaycan mədəniyyəti, ədəbiyyatına verdiyi töhfələrdən danışaraq, şəhərin musiqimizin, muğamımızın, poeziyamızın beşiyi olduğunu vurğulayaraq, onun zəngin mədəni irsinin bütün dünyaya çatdırılmasının vacibliyini qeyd edib.  Fondun prezidenti  Qarabağ xanlığının mərkəzi olmuş və qala şəhəri olan Şuşanın çoxsaylı Azərbaycan ədibləri, bəstəkarları və mütəfəkkirlərinin vətəni olduğunu və özünün çoxsaylı və unikal abidələri ilə məşhur olduğunu qeyd edib. “Şuşa Günləri”nin keçirilməsini ortaq soykök, dəyərlərə, ənənələrə malik xalqlarımızın mədəniyyətinin qovuşması və Şuşanın onlar arasında bir əməkdaşlıq məkanına çevrilməsinə və Türk dünyasında yeni bir dövrün başlanması kimi dəyərləndirib.

Konfransda çıxış edən Özbəkistan Respublikasının mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov Özbəkistan və Azərbaycan arasında son illərdə daha da inkişaf edən siyasi əlaqələr haqqında danışaraq, iki ölkə arasında yüksək səviyyəli mədəni əlaqələri xüsusi qeyd edib.

Nazir Özbəkistanda keçirilən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi ilə keçirilən “Şuşa Günləri” tədbirlərini yüksək qiymətləndirib, bu hadisənin yalnız Azərbaycan mədəniyyəti üçün deyil, Özbəkistan mədəniyyəti üçün də vacib və əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Ozodbek Nazarbekov Şuşanı Azərbaycanın ürəyi adlandıb, şəhər haqqında maraqlandığını və şəhərin zəngin mədəni irsinin onu heyrətə gətirdiyini vurğulayıb. O, Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasını bütün qardaş Türk dövlətləri üçün fəxr mənbəyi və qürurlu hadisə olduğunu söyləyib.

Tədbirdə çıxış edən Türk dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Sureyya Er və Özbəkistanın Mədəni meros Agentliyinin direktoru Baxodir Abdukarımov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın vacibliyini vurğulayaraq, bu layihənin Türk dünyası ölkələri arasında həmrəyliyin və əməkdaşlığın inkişafına xidmət edəcəyini söyləyiblər. Onlar yüksək memarlıq və şəhərsalma sənətinə malik, tarixi Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi onun bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevirdiyini qeyd edərək, Şuşanın Özbəkistanın Xivə şəhəri ilə qardaşlaşmasını mühüm tarixi və mədəni hadisə olduğunu vurğulayıblar.

Daha sonra tədbir iştirakçıları Xurşidbanu Natəvan haqqında sənədli filmi izləyiblər. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi ilə hazırlanmış sənədli filmdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Qarabağlı şairə Xurşidbanu Natəvanın həyatı və yaradıcılğına dair, həm sənədli, həm də bədii səhnələr yer alıb. Filmin ssenari müəllifi Ülviyyə Heydərova, rejissoru Zəhra Quliyevadır. Baş rolda Azərbaycanın xalq artisti Mehriban Zəkidir.

Tədbirin bədii hissəsində  Özbəkistanın xalq artisti, “Yalla” Ansamblının bədii rəhbəri Fərrux Zakirov, azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunu ifasında Azərbaycan və özbək mahnıları, muğamlar səsləndirilib, Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” Rəqs Ansamblı və  dünyaca məşhur “Özbəgim yoshlari” musiqili rəqs qrupunun rəngarəng çıxışları baş tutub.

Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən Özbəkistanda “Şuşa Günləri” münasibətilə rəsmi qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim edilib.

222222222