Mədəniyyət komitəsi toplaşdı - FOTO

 21:42 14.04.2023     452

Aprelin 14-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. 

Redaktor.az xəbər verir ki, komitənin sədri Qənirə Paşayeva iclası açaraq gündəlik barədə məlumat verib. Bildirib ki, gündəliyə bir məsələ - İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi daxil edilib.

Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımı haqqında Qanuna uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Mətbuat Şurası tərəfindən irəli sürülmüş şəxslərin 6 illik səlahiyyət müddəti 2023-ci ilin aprelində başa çatır. Ona görə də qanunvericiliyə əsasən, yeni namizədlərin irəli sürülməsi ilə bağlı müvafiq təşkilati tədbirlər görülüb və Milli Televiziya və Radio Şurası adıçəkilən qurumların hərəsindən iki nəfər olmaqla yeni namizədləri Milli Məclisə təqdim edib.

Qənirə Paşayeva diqqətə çatdırıb ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AHİK-in katibi, Aparat rəhbəri Cəfərov Həsən Şahhüseyn oğlu, AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Talıbov Əzim Zahid oğlu, Azərbaycan Milli Elmlər Akademiyasından AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Kərimli Teymur Həşim oğlu, AMEA-nın Rəyasət Heyətinin elmi katibi Xavəri Sərxan Abbas oğlu, Azərbaycan Mətbuat Şurasından isə Mətbuat Şurası İdarə Heyətinin üzvləri Həsrət Azər Hacıqulu oğlu və Fərəcov Aqil Ələsgər oğlu yeni namizədlər olaraq irəli sürülüblər.

Komitə sədri televiziyaların, o cümlədən İctimai Televiziyanın fəaliyyətinin dövlətimiz və cəmiyyətimiz üçün önəmini vurğulayıb, onların səmərəli və məhsuldar fəaliyyəti ilə bağlı fikirlərini səsləndirib. O, cəmiyyətin maarifləndirilməsində, bədii zövqün formalaşdırılmasında, informasiya xidmətinin göstərilməsində, həmçinin azərbaycançılıq ideologiyasının təbliği və Azərbaycan dilinin qorunması istiqamətində televiziyaların üzərinə düşən məsuliyyəti xüsusi vurğulayıb.

Sonra komitə üzvləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Əziz Ələkbərov, Aqil Abbas, Razi Nurullayev, Novruzəli Aslanov, Ülviyyə Ağayeva və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev müzakirə olunan məsələ ilə bağlı çıxış ediblər. Onlar ölkəmizdə televiziya məkanındakı mövcud durumdan söz açıblar, televiziya proqramlarının, verilişlərin, xəbərlərin keyfiyyətinin, peşəkarlığının yüksəldilməsi ilə bağlı fikirlərini səsləndiriblər.

Müzakirələrin yekununda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi parlamentin plenar iclasına tövsiyə olunub.