Ankarada Türkiyə-Azərbaycan həmrəylik həftəsi başlayır

 11:15 18.04.2023     375

Bu gündən Ankarada Türkiyə-Azərbaycan həmrəylik həftəsi başlayır.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfinin rəhbəri Aygün Attar məlumat verib.

 

Aprelin 25-nə qədər davam edəcək tədbirlər Türkiyə Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfinin təşkilatçılığı ilə keçirilir.

Bu gün Türkiyə-Azərbaycan qardaşlıq toplantısı ilə açılışı olacaq həmrəylik həftəsi daha sonra iki ölkənin QHT və həmkarlar təşkilatlarının müzakirələri ilə davam edəcək.

Aprelin 19-da Türkiyə Cümhuriyyətinin və Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Mustafa Kamal Atatürk və Heydər Əliyevi anma tədbiri keçiriləcək.

Həmin gün, həmçinin, Nigar Helmi Abbasbəylinin "Qarabağ miras gecəsi" adlı sərgisi təşkil olunacaq.

Aprelin 19-da axşam saatlarında Ankaradakı Heydər Əliyev parkında Türkiyə-Azərbaycan həmrəylik gecəsi təşkil olunacaq. Gecədə Türkiyə və Azərbaycanın sənət adamları çıxış edəcək.

Həmrəylik həftəsi çərçivəsində elm adamlarının iştirakı ilə "24 aprel 1915-ci ildə nə baş verdi?" adlı konfrans da təşkil olunacaq.

Həmrəylik həftəsi aprelin 25-də "Türk dünyası gənclərinin birliyi" adlı forumla yekunlaşacaq.

Qeyd edək ki, tədbirlərdə Azərbaycandan iştirak edən nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Adil Əliyev, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, jurnalist Vüsalə Mahirqızı, müğənni Azərin, Tərxis Olunmuş Hərbçiləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, qazi Əhliyət Mehdiyev, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev daxildir (apa).