ADU-da Çin dili günü qeyd olundu

 11:43 19.04.2023     397

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət gostərən Konfutsi İnstitutunda BMT rəsmi dillərinin özünəməxsusluğu və zənginliyini ön plana çəkmək məqsədilə, eləcə də BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsasında 2010-cu ildə təsis edilmiş Cin dili gününə həsr olunan bayram tədbiri keçirilib.

Redaktor.az xəbər verir ki, bayramda ümummilli lider Heydər Əliyevin Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafı sahəsində fəaliyyətlərinə həsr olunmuş Çin dilində kitablar sərgisi keçirilib. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qonaqlara ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib.

Azərbaycanlı gənclərin Çin dili və mədəniyyətinə marağının artdığını qeyd edən Rafiq Abbasov rəsmi Çin dili test mərkəzinin işi barədə danışaraq, Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanlarının keçirildiyini bildirib. O, həmçinin müasir Çin dili dünyasından söz açaraq, Azərbaycanda bu dilin öyrənilməsi üçün nəşr olunan metodik vəsaitlərin, proqramların və ADU tərəfindən hazırlanan ilk milli Çin dili dərsliyinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən ADU-nun çinşünas tələbələri Çin dili tarixi haqqında danışaraq, Çin yazısının banisi, əfsanəvi imperator Xuan Dinin sarayının tarixçisi, köhnə heroqliflərdən sonra piktoqram növlərini hazırlayan Szyan Szenin bu dilin inkişafına verdiyi töhfələr barədə məlumat veriblər.