Milli Muğam Müsabiqəsinin qalibləri məlum oldu

 14:12 30.04.2023     472

Aprelin 30-da Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən növbəti Milli Muğam Müsabiqəsinin qalibləri elan olunub.

Redaktor.az xəbər verir ki, müsabiqənin laureatlarının adları açıqlanıb və müsabiqənin yekun konserti olub.

Belə ki, baş tutan müsabiqə xanəndə və instrumental ifaçılıq kateqoriyalarında keçirilib.

Münsiflər heyətinin yekun rəyinə əsasən, xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə ümumilikdə 8 laureat seçilib.

Xanəndəlik kateqoriyası üzrə 1-ci yerə Mirəli Sarızadə, 2-ci yerə Xəyal Hüseyinov, 3-cü yerə Daşqın Kürçaylı və Zümrüd Məmmədova layiq görülüb. İnstrumental ifaçılıq kateqoriyası üzrə isə 1-ci yerə Vaqif Təhməzov, 2-ci yerə Cahandar Mikayılov, 3-cü yerə Nadir Sultanov  və Bayraməli Əliyev layiq görülüb. 

Hər iki kateqoriyada 1-ci yerin qalibi 7 000 AZN, 2-ci yerin qalibi 5 000 AZN, 3-cü yerin sahibi isə 3 000 AZN məbləğində mükafat qazanıb.

Milli Muğam Müsabiqəsinin qalibləri – xanəndəlik kateqoriyası üzrə 1-ci yerin qalibi Mirəli Sarızadə və instrumental ifaçılıq üzrə 1-ci yerin qalibi Vaqif Təhməzov ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcəklər.

Mükafatlandırma mərasimindən sonra yekun konsert təqdim edilib.

Xatırladaq ki,  Musiqi yarışmasında yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak ediblər. Yarışmanın 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-27-si keçirilib.  

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Böyük mədəniyyət hadisəsi olan bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.