"Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda konfrans keçirildi - FOTO

 16:57 08.05.2023     444

Qubada Azərbaycan Yazıçılar Birliyi (AYB) Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” konfransı keçirilib.

Redaktor.az xəbər verir ki, konfransda ölkənin ədəbi elitası, gənc ədiblər, bölgə ədibləri bir araya gəliblər.

Heydər Əliyevi - bu böyük və müdrik insanı şəxsən tanıyıb onunla yaxından təmasda olanlar onunla bağlı xatirələrini dilə gətiriblər, məruzəçilər Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələrdən, qələm əhlinə diqqət və qayğısından söz açıblar.

Əvvəlcə konfrans iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra xüsusi olaraq konfrans üçün hazırlanmış “Heydər Əliyev və Azərbaycan” sənədli filmi nümayiş olunub.

Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçiyev konfransı açaraq tədbirin məramı və mahiyyətindən danışıb.

Xalq yazıçısı, AYB-nin sədri Anar Ümummilli Lider barədə xatirələrini bölüşüb.

Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonaqları salamlayaraq Heydər Əliyev şəxsiyyətinin səciyyəvi xüsusiyyətlərini diqqətə gətirib.

Xalq şairi Sabir Rüstəmxanlı Ulu Öndərin Azərbaycanın azadlıq və müstəqillik hərəkatına münasibətindən söz açıb, ardıcıl görüşləri barədə xatirələrini danışıb.

Heydər Əliyev barədə ən fundamental bədii və sənədli nümunələrin müəllifi, Xalq yazıçısı Elmira Axundova “Əbədiyaşar məhəbbət: Zərifə və Heydər Əliyevlər barədə” kitabının necə yaranmasından, Ulu Öndərlə ünsiyyətlərindən söz açıb.

Milli Məclisin deputatı Jalə Əliyeva “Heydər Əliyev və Ana dilimiz”, Azərbaycan milli kulturologiya elminin banisi, “Simurq” Assosiasiyasının prezidenti Fuad Məmmədov “Heydər Əliyev və yeni mədəniyyət konsepsiyası”, Milli Məclisin deputatı, yazıçı Aqil Abbas “Ulu Öndərin sənət adamlarına diqqət və qayğısı”, Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid “Sözün qədirbiləni”, təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik Seymur Şeydayev “Heydər Əliyev yazıçılarımızı KQB-nin qanlı caynağından necə xilas etdi”, Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi Səyyad Aran “Heydər Əliyevlə Yaponiyaya səfərimizin təəssüratları” mövzularında çıxışlar ediblər.

Konfransda habelə AYB-nin dramaturgiya bölməsinin müdiri Firuz Mustafa, Rəsul Rza mükafatı laureatı, professor Əlibala Məhərrəmzadə, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, Milli Məclisin mədəniyyət eksperti Əkbər Qoşalı, yazıçı, kinodramaturq, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, AYB-nin Uşaq Ədəbiyyatı bölməsinin müdiri Qəşəm Nəcəfzadə, AYB-nin Poeziya bölməsinin müdiri İbrahim İlyaslı, AYB-nin Quba təşkilatının rəhbəri Ramiz Qusarçaylı Ümummilli Liderin sözün və söz adamlarının necə keşiyində dayanması barədə dolğun məruzələr söyləyiblər.

İki günlük konfrans zamanı həm də Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin 100 illiyinə hazırladığı töhfə - “Əbədi ömrün yüz ili” kitabının təqdimatı keçirilib.

Kitabın redaktoru AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli “Əbədi ömrün yüz ili” kitabının ərsəyə gətirilməsi tarixçəsi barədə danışıb, kitabda xatirələri yer almış Sabir Rüstəmxanlı, Rəşad Məcid, Elçin İskəndərzadə xatirələrini dilə gətiriblər.

Konfrans çərçivəsində tədbir işçiləri Quba Soyqırımı Kompleksini də ziyarət ediblər.