Kamal Abdullanın pyesi əsasında hazırlanan tamaşa nümayiş olundu - FOTO
Mayın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub.
Teatrın mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Camalovadır.
Tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətovdur. Rollarda Əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Davud Arif çıxış edir.
Tamaşaçıların rəğbətini qazanan səhnə əsəri alqışlarla qarşılanıb. Oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.
Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, ehtirası, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Onların dialoqu kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr yaradır. Bu iki nəfər bir-birini eşitmək istəyir, amma eşitmir, görmək istəyir, amma görmür, duymaq istəyir, amma duymur. Bütün ömürlərini öz ağuşuna alan faciə də məhz budur: bir-birini sevən, bir-birinə can atan insanların bir-birinin dünyalarındakı ayrılıq. Elə birinin ölü, o birinin diri olması da simvolikdir.
Müəllif Kamal Abdulla pyesi 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir.