13 yaşlı qızla bağlı nöqsanlara yol verən TV-lərə bildirişlər göndərilib
"Tovuzda 13 yaşlı qızın itkin düşməsi hadisəsinin işıqlandırılması zamanı yeniyetmənin hüquqlarını pozan audiovizual media subyektlərinə bildirişlər göndərilib".
Redaktor.az xəbər verir ki, bunu Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin hadisənin işıqlandırılması zamanı bir neçə audiovizual media subyektinin pozuntulara yol verdiyi müəyyən olunub.
Həmin audiovizual media subyektlərinə bildirişlər göndərildiyini bildirən aparat rəhbəri hazırda da monitorinqlərin davam etdirildiyini vurğulayıb.
Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi məlum olub.
Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb.
Onu qaçırmaqda şübhəli bilinən Səfər Kavazov saxlanılıb və barəsində cinayət işi açılıb. Eyni zamanda S.Kavazovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib (report).