Adil Kərimli Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etdi - FOTO

 10:15 20.06.2023     275

TÜRKSOY yaradılmasının 30 illiyi münasibətilə Özbəkistan Respublikasında keçirilən tədbirlərdə iştirak məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib. 

Mərkəzdən Redaktor.az-a verilən məlumata görə, öncə Ümummilli lider Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış büstü önünə tər gül dəstələri qoyan nazir Mədəniyyət Mərkəzinin həyətində yaradılmış “Şəhidlər” abidə-kompleksini ziyarət edib. Nazir Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında Heydər Əliyev küçəsində qoyulmuş Ulu öndərin xatirə lövhəsi ilə də tanış olub.

Mədəniyyət nazirinin başçılıq etdiyi nümayəndə heyəti daha sonra mərkəzdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yaradılmış Azərbaycan-Özbəkistan Dostluq Muzeyini ziyarət edərək burada qardaş xalqın ortaq tarixi köklərini, milli-mənəvi, mədəni dəyərlərini əks etdirən eksponatlar, Özbəkistanın dövlətçilik və incəsənət, ədəbiyyat və mədəniyyət sahəsində xüsusi xidmətləri olan azərbaycanlılara aid guşə ilə tanış olub.   

Mərkəzdə yaradılmış kitabxana, rəqs və rəsm dərnəkləri, Azərbaycan dili kursları ilə tanış olan nazir Azərbaycan mədəniyyətini təbliğ edən dərnəklərin və ana dilimizin öyrədilməsində xüsusi rolu olan kursun fəaliyyətini təqdirəlayiq hesab edib.

Muzeydə yaradılmış “Azərbaycan xalçaları zalı”na baxış zamanı öz tövsiyələrini verən nazir Azərbaycan xalqının xalq sənətkarlıq ənənələrinin təbliği baxımından muzeyin mövcudluğunu yüksək qiymətləndirib. 

O, Prezident İlham Əliyevin şəxsən iştirakı ilə Özbəkistanın paytaxtı Daşkənd şəhərində açılmış Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkə arasında mədəniyyət və ümumilikdə humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsində rolu və gələcəkdə həyata keçiriləcək işlər, layihələr barədə danışıb.

Nazir xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri milli mədəniyyətimizin, Azərbaycan dilinin təbliği, qarşı tərəflə dostluq və əməkdaşlığın inkişafı  kimi mühüm işləri həyata keçirdiyini bildirib.

Mərkəzin foyesində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş fotosərgi və Azərbaycan Mədəniyyət Mərkəzinin layihələri ilə çap edilmiş kitablar, Heydər Əliyevə aid nəşrlərdən ibarət sərgi ilə tanış olan nazir Mədəniyyət Mərkəzinin Azərbaycana dair özbək dilində kitab nəşri sahəsində gördüyü işləri, habelə iki ölkə arasında tarixi münasibətlərə dair tədqiqat layihələrini  dəyərləndirərək gələcəkdə də bu sahədə işləri genişləndirməyi tapşırıb.   

Mədəniyyət Mərkəzində yaradılmış Azərbaycan Dövlətçiliyi Tarixi Muzeyi ilə də tanışlıq olub. 

Daha sonra nümayəndə heyəti Mədəniyyət Mərkəzində yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olub. Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatların, fotostendlərin nümayişi ilə yanaşı, burada müxtəlif tədbirlərin keçirildiyi də bildirilib. 

Sonra nazir muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzinin kollektivi ilə görüşən nazirin başçılıq etdiyi nümayəndə heyəti  mərkəzin fəaliyyətini qiymətləndirib və işlərində uğurlar arzulayıb.

22