Milli Kino günü qeyd olundu

 20:47 02.08.2023     385

Avqustun 2-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Milli Kino Gününə həsr olunmuş “Kinokonsert” adlı multimedia şousu təşkil olunub.

Redaktor.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyev və Azərbaycan kinematoqrafiyası mövzusunda videoçarxın nümayişi ilə başlanıb.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan kinematoqrafiyasının keçdiyi uğurlu yoldan danışıb. Nazir bildirib ki, 125 il ərzində Azərbaycan kinematoqrafiyası bir sıra ölkələr üçün nümunə olacaq sənət nümayiş etdirib: “Biz sevinirik ki, bu gün kinematoqrafiya sahəsində gözəl sənətkarlarımız, ustadlarımız var. Bu sahədə yetərincə istedadlı və öz sözünü deməyi bacaran gənclərimizi də xüsusən qeyd etmək istərdim. Azərbaycan kinematoqrafiyasının hamisi kimi tanınan Ümummilli Lider Heydər Əliyev milli kinonun inkişafına xüsusi önəm verirdi. Prezident İlham Əliyev tərəfindən Azərbaycan Kinematoqrafiyasının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. 2008-2018-ci illərdə Dövlət Proqramının qəbul edilməsi, eyni zamanda, Azərbaycan filmlərinin çəkilişində dövlət investisiyalarının artırılması, həmçinin milli kinematoqraf məhsullarının nüfuzlu festivallara çıxması üçün şəraitin yaradılması, Azərbaycan Kino Agentliyinin təsis edilməsi məhz bu sahəyə olan qayğının və diqqətin göstəricisidir. Bu gün də Mədəniyyət Nazirliyi olaraq təşkil edilən Kino Forumundan başlayaraq bütün fəaliyyətimiz komanda şəklində bu sahədə olan problemlərin aradan qaldırılması üçün birgə çıxış yolu tapmaqdır. Kinomuzun tarixi uğurları timsalında düşünürəm ki, zamanla bizim kinematoqrafiya öz layiqli inkişaf yolunu tapacaq. Mən, eyni zamanda, bu günlərdə iki ittifaqın könüllü olaraq birləşməsini xüsusi qeyd etmək istərdim. Bu istiqamətdə bizim dəyərli sənətkarlarımız olan Rasim Balayev və Şəfiqə Məmmədova çox böyük bir addım atmış oldular. Düşünürəm ki, bu, Azərbaycan kinematoqrafiyası üçün böyük bir çağırış oldu. Bu sahəni inkişaf yoluna çıxara bilmək üçün bu cür birləşmək ən gözəl addımdır”.

Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədova kinematoqrafiyanın inkişafı istiqamətində görülməkdə olan mövcud işlərin təşkilindən məmnunluqlarını bildirərək, kino xadimlərinə uğurlar arzulayıblar.

Sonra bir qrup kino xadimləri və gənc kino işçiləri bir neçə gün əvvəl birləşmələri barədə bəyanat verən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi xüsusi fəxri fərmanlarla təltif olunublar. Mükafatları Xalq artistləri Şəfiqə Məmmədova və Rasim Balayev təqdim ediblər.

Tədbirin davamında “Avanqard” kamera orkestrinin təqdimatında “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.