Azərbaycanlı alimin kitabı çap olundu - FOTO

 15:39 25.08.2023     420

Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxanaşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Pərviz Kazimi və həmin kafedranın doktorantı Aysel Həsənovanın həmmüəllifliyi ilə “Book and library culture in Azerbaijan during the Safavid period” (Səfəvilər dövründə Azərbaycanda kitab və kitabxana mədəniyyəti) adlı monoqrafiyası işıq üzü görüb.

Redaktor.az xəbər verir ki, ingilis dilində nəşr olunan monoqrafiyada Səfəvilər dövründə Azərbaycanda kitab və kitabxana mədəniyyəti sahəsində aparılan islahatlar, dövlətin kitabçılıq işinə, kitabxana mədəniyyətinə münasibəti, eyni zamanda Azərbaycanda kitabçılıq sənətinin tarixi inkişafına, kitabxanaçı peşəsinə, zəngin kitab fondlarının və onların multikultural repertuarının öyrənilməsinə dair məqalələr öz əksini tapıb. Burada orta əsrlər əlyazma kitab mirasının öyrənilməsi, qiymətləndirilməsi və yayılması sahəsində mövcud olan azsaylı tədqiqatlar da araşdırılıb, həmçinin son tarixi mərhələlərdə kitab ticarəti və kitabxana mədəniyyəti sahəsində ənənələrin qorunub saxlanması kimi tendensiyalar öyrənilib.

157 səhifədən(420 min işarə)  ibarət olan nəşr Lambert Academic Publishing (https://www.lap-publishing.com/ ) tərəfindən nəşrə hazırlanıb. Londonda (İngiltərə) və Kişinevdə(Moldova) nəşriyyat fəaliyyəti göstərən Lambert Academic Publishing Amerika, İngiltərə və Almaniya Kitabticarəti Assosasiyasının üzvüdür, dünyada elektron elmi kitabların satışını təşkil edən iri beynəlxalq mərkəzdir.

Dosent P.Kaziminin çoxsaylı dərslik, dərs vəsaiti və elmi məqalələri ilə yanaşı bu kitab xaricdə çap olunan ikinci monoqrafiyası hesab edilir.

Gənc tədqiqatçı Aysel Həsənova BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasında pedaqoji fəaliyyət göstərir və eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin müəllimidir.

Həmidə İBRAHİMLİ