Psixoanaliz və Şekspir yaradıcılığı

 15:15 30.08.2023     460

XX əsrin əvvəllərindən etibarən psixoanaliz psixi pozuntuların, nevroz xəstələrinin müalicəsi zamanı istifadə olunan tibbi metodun dar çərçivələrini aşaraq orijinal mədəniyyət hadisəsinə çevrildi. Mənəvi və mədəni həyatın bir çox sahələrinin dərindən tədqiqinə şərait yaradan psixoanaliz nəzəriyyəsinin əsas müddəaları və ideyaları, xüsusilə bədii ədəbiyyatın təhlilində, yazıçı və şairlərin yaradıcılıq motivlərinin üzə çıxarılmasında, personajların psixologiyasının açılmasında istifadə olunmağa başlandı.

Ziqmund Freyd ilkin tədqiqatlarında kliniki təcrübələrini təsvir edir, bədii əsərləri də bu yöndə şərh edirdi. Freyd Berlinli həkim dostu Vilhelm Flissə yazdığı 9 iyun 1898-ci il tarixli məktubunda K.F. Meyerin “Hakimlər” (1882) novellasını böyük məmnuniyyətlə oxumağı barədə məlumat verirdi. İyun ayının sonlarında dostuna yazdığı məktubda isə o, bu novellanın özünəməxsus psixoanalitik şərhini verir, qəhrəmanın poetik formada ifadə olunmuş gizli istəklərindən söhbət açırdı. O, bu əsərdəki uşaqlıq fobiyaları, kiçik yaşlı uşağın döyülmək qorxusu, cəza ilə bağlı fikirləri, valideynlərinin adətən özgə, daha xeyirxah insanlarla əvəz olunduğu yuxuları və fantaziyaları haqqında öz mülahizələrini söyləyirdi. Qeyd etmək lazımdır ki, Freydin Meyerin “Hakimlər” novellasını bu şəkildə nəzərdən keçirməsi bədii əsərin ilk dəfə psixoanalitik interpretasiyaya cəlb olunması kimi qiymətləndirilir. Sonralar Freyd dəfələrlə dünya ədəbiyyatının məşhur nümunələrinə, xüsusilə də Şekspir və Dostoyevski kimi sənətkarların əsərlərinə müraciət etmiş, onların üzərində psixoanalitik təhlillər aparmışdır.

Freyd hələ yeniyetməlik yaşlarından mütaliə etməyi çox sevirdi və özünün psixoanaliz nəzəriyyəsini irəli sürməzdən əvvəl Uilyam Tekkereyin “Şöhrətpərəstlik yarmarkası”, Corc Eliotun “Midlmarç”, Torkuato Tassonun “Azad edilmiş Yerusəlim”, Henri Fildinqin “Tom Consun əhvalatı”, Çarlz Dikkensin “Soyuq ev” və digər əsərləri oxumuşdu. Bu əsərlərin mütaliəsi ona böyük estetik zövq verməklə yanaşı, həm də gələcək alimin dərin elmi düşüncələri üçün geniş meydan açır, psixoanalizlə bağlı bir çox ideyaların yaranmasına səbəb olurdu. Freydin fikrincə, yazıçılar, şairlər insanın daxili aləminə bəzən elə dərindən nüfuz edirlər ki, onların obrazlı təsvir etdiyi konfliktlər, dramatik şəraitlər insan psixikasının dərk olunmasında alimin elmi sübutlara söykənən, emosiyalardan məhrum olan quru və məntiqi fikirlərindən daha böyük rol oynayır. Freyd hesab edirdi ki, yazıçılar və şairlər göylə yer arasındakı elə mətləblərdən halidirlər ki,  alimlər onları yuxularında belə görməyiblər.

Freyd özünün ilk fundamental əsəri olan “Yuxuların şərhi”ndə (1900) Sofokl, Şekspir, Servantes, Höte, Heyne, Hüqo, Tven kimi yazıçılardan söhbət açaraq psixoanalizin bəzii müddəalarını onların nümunəsində şərh edirdi. Sonrakı əsərlərində də alim bu ənənəsinə sadiq qalaraq Homer, Dante, Rable, Şiller, İbsen, Flober, Keller, Yensen, Eliot, Qolsuorsi və digər bu kimi yazıçıların həyatına, yaradıcılığına müraciət etmişdir. Dostu Felisə yazdığı məktublarında o, özünün elmi fikirlərini əsaslandırmaq məqsədilə Vergili, Şekspir, Şiller, Kiplinq, Zolya, Mopassan kimi dahi şəxsiyyətlərə istinad edirdi. Freyd xüsusilə Hötenin yaradıcılığına dərindən diqqət yetirmiş, onun “Faust” əsərindən çoxlu iqtibaslar gətirmişdir. Freyd öz əsərlərində qəliz və mürəkkəb mətləblərdən danışmasına baxmayaraq, onları aydın və oxunaqlı dillə ifadə edirdi. Təsadüfi deyil ki, o, 1930-cu ildə “aydın və qüsursuz üsluba görə” ədəbiyyat üzrə Höte mükafatına layiq görülmüşdür. Bu, psixoanalizin atası Freydin yazıçılara, şairlərə təsirinin onun elmi irsindən heç də az olmadığının göstəricisi idi.

Freyd bədii əsərlərə müraciət edərkən həm də yazıçı ilə psixoanalitik arasındakı oxşarlıqları, fərqləri üzə çıxarırdı. Alimə görə onların hər ikisi lazım olan materialı eyni mənbədən alır, eyni obyektlə işləyirlər. Lakin onlar çox zaman yekunda eyni nəticəyə gəlsələr də, istifadə etdikləri metodlar fərqlidir. Psixoanaliz metodu şüurlu şəkildə insanlardakı psixi pozuntu proseslərini izləmək, onların şüursuz fəaliyyətini aşkar etmək məqsədi daşıyır. Yazıçı isə psixoanalitikdən fərqli olaraq şüursuzluqla birbaşa öz içində, qəlbində əlaqədə olur, ordan gələn impulsları bədii formada ifadə edir. Psixoanalitik şüursuz fəaliyyətin qanunlarını xəstələrin psixikasını öyrənərək üzə çıxardığı halda, yazıçı buna öz daxili dünyasını dinləməklə nail olur. Yəni psixoanaliz şüursuzluğun qanunlarını şüurlu şəkildə formalaşdırır, yazıçı isə bütün bu prosesləri şüurlu şəkildə dərk etməyə iddia etmədən onları vasitəli şəkildə öz əsərlərində təsvir edir.

Freyd, eyni zamanada, bədii yaradıcılığın təbiətini öyrənməkdə psixoanalitik metodun məhdud imkanlara malik olduğunu da qeyd edirdi. O, öz əsərlərində dəfələrlə bədii əsərlərin psixoanalitik şərhi zamanı tədqiqatçıların keçə bilmədiyi sərhədlərin mövcudluğu barəsində söhbət açırdı. Məsələn, Freyd 1910-cu ildə yazdığı “Leonardo da Vinçinin erkən uşaqlıq xatirəsi” əsərində vurğulayırdı ki, bədii yaradıcılığın erkən uşaqlıq istəkləriylə hansı şəkildə əlaqəli olmasının izahı belə tam deyil, çünki burada idrakın psixoanalitik vasitələri aciz qalır. Psixoanalizin Leonardo da Vinçinin nəfis rəssamlığının sirlərini açmaqda aciz qaldığını qeyd edən alim yazır: “Yenə də düşünürsən, yalnız Leonardonun uşaqlığını yaşayan insan “Mona Liza”nı, “Müqəddəs Anna”nı yarada, öz əsərlərini bu qədər qəmli taleyə düçar edə və elm sahəsində belə güclü şəkildə irəliləyə bilərdi, sanki onun bütün yaratdıqlarının və uğursuzluqlarının açarı çalağan haqqındakı uşaqlıq fantaziyasında gizlənir.”

Freyd psixoanalizin şüuraltına sıxışdırılmış meyl və istəklərin bəzən sublimə edilməsinin, bəzən isə nevroza və ya digər psixi pozuntulara səbəb olmasının tam izahını verə bilmədiyini etiraf edirdi. O, həmçinin, dəfələrlə qeyd edirdi ki, psixoanalizin çərçivələri daxilində yazıçı dühasına nüfuz etmək, fitri istedadın və  bədii yaradıcılığın təbiətini açmaq mümkün deyil. Psixoanaliz sənətkarın yaradıcılıq ilhamını haradan alması barədə bilgilərə malik deyil. Freydin etirafına görə psixoananliz yazıçının yaradıcılıq zamanı istifadə etdiyi bədii texnika və vasitələrin təhlilini vermək imkanlarından məhrumdur.

Lakin Freyd yaradıcılığın dərkində psixoanalizin məhdud imkanlara malik olması ilə bağlı mülahizə irəli sürsə də, bədii əsərlərin təhlili zamanı psixoanalitik metodun məqsədyönlülüyünü də vurğulayırdı. Freydə görə psixoanaliz konsepsiyasının əsas müddəalarını bilmək əksər hallarda bədi əsərlərin motivlərini  dərindən öyrənməkdə digər metodlardan daha effektli nəticələr verir. Mariya Bonapartın 1934-cü ildə nəşr olunan “Edqar Po. Psixoanalitik oçerk” kitabına yazdığı ön sözdə psixoanalizin banisi insan psixikasının qanunlarını məşhur insanların nümunəsində öyrənməyin vacibliyini vurğulayırdı. O,  Mariya Bonapartın bu əsərini yüksək qiymətləndirir, məhz psixoanalizdən istifadə nəticəsində bu məşhur amerikan şairi və yazıçısının həyatının, şəxsiyyətinin və yaradıcılığının görünməyən tərəflərinə işıq salındığını qeyd edirdi. Belə ki,  psixoanalitik təhlil Edqar Ponun sənətkar orijinallığında onun erkən gənclik illərinin infantil emosional bağlılıqlarının və əzablı hiss-həyəcanlarının oynadığı rolu dərindən anlamağa imkan verirdi. Freyd yazır ki, məhz M.Bonapartın şərhləri Edqar Ponun şəxsiyyəti ilə yazdığı əsərlərin bir-birilə nə dərəcədə əlaqəli olması və birinin digərini necə şərtləndirməsi məsələlərinə  aydınlıq gətirir: “Bu cür tədqiqatlar sənətkarın dühasını izah etməyə borclu deyil, lakin onlar onu hansı motivlərin oyatdığını, taleyin ona hansı materialı verdiyini göstərir. İnsan psixikasının qanunlarını məşhur fərdlərin timsalında öyrənmək xüsusilə cəlbedicidir.”

Bədii əsərlərin öyrənilməsi zamanı Freydin istifadə etdiyi psixoanalitik metod sonralar həm onun davamçılarının, həm də ən qatı əleyhdarlarının  əsərlərində öz əksini tapdı. Karl Qustav Yunq, Alfred Alfred, Vilhelm Rayx, Erix Fromm və digər bu kimi tanınmış alimlər bədii əsərlərin təhlili zamanı psixoanaliz nəzəriyyəsinin ayrı-ayrı müddəalarına istinad etdilər. XX əsrdən etibarən bədii əsərlərin öyrənilməsində psixoanalitik yanaşma ədəbiyyatşünasların da diqqətini cəlb etməyə başladı və psixoanaliz bədii əsərlərin təhlil metodlarından birinə çevrildi.

Freyd psixoanalizin bəzi müddəalarının şərhi zamanı Şekspirin komediya və faciələrinə müraciət etmişdir. Ümumiyyətlə, Freyd Şekspirin yaradıcılığını çox sevirdi və onun rəsmi bioqrafı olan E.Consun sözlərinə görə hələ 8 yaşı olarkən ilk dəfə bu dahi ingilis dramaturqunun əsərlərini oxumağa başlamışdı. Sonralar dəfələrlə Şekspirin əsərlərinə istinad edən alim onun “Venesiyalı tacir”, “Hamlet”, “Kral Lir”, “Ledi Maqbet” kimi əsərlərini psixoanaliz nöqteyi-nəzərindən şərh etmişdir. Freydin Şekspir yaradıcılığına bu qədər yaxından maraq göstərməsi təsadüfi xarakter daşımırdı. Şekspir öz əsərlərində insan həyatının bütün tərəflərinin realist, dolğun təsvirini verən, onun psixologiyasının və xarakterinin  ən dərin qatlarına nüfuz etməyi bacaran nəhəng söz ustadlarındandır. Onun yaratdığı obrazlar insan xarakterlərinin zəngin ensiklopediyasını təşkil edərək bütün dövrlər üçün öz aktuallığını qoruyub saxlayır. Bu obrazların hərəkət və davranışlarının kökündə dayanan şüuraltı motivlər Freydin diqqətini cəlb edir, onun psixoanaliz konsepsiyasının bir çox müddəasının şərhi üçün əyani vasitə rolunu oynayırdı.

Freyd 1913-cü ildə yazdığı “Mücrü seçimi motivi” əsərində Şekspirin “Venesiyalı tacir” komediyasını və “Kral Lir” faciəsini psixoanalitik təhlilə cəlb etmiş, özünün ölüm haqqındakı təsəvvürlərini qədim miflərə söykənərək əsaslandırmağa çalışmışdır. 1916-cı ildə yazdığı digər “Psixoanalitik təcrübədən bəzi xarakter tipləri” əsərində isə o, Şekspirin “Ledi Maqbet” əsəri ilə bağlı öz mülahizələrini söyləmiş, vicdan əzabı və peşmançılıq hisslərini psixoanaliz konsepsiyasının ideyaları baxımından şərh etmişdir.

Freyd  “Mücrü seçimi motivi” əsərində Şekspir yaradıcılığından biri komik, digəri faciəvi olmaqla iki səhnənin onun diqqətini cəlb etdiyni yazaraq onların bəzi problemlərin həlli üçün yardımçı olacağını qeyd edirdi. Komik səhnə “Venesiyalı tacir” pyesində adaxlıların onlara təqdim olunan üç mücrüdən birini seçməsi ilə bağlıdır. Mücrülər üç müxtəlif metaldan – qızıldan, gümüşdən və qurğuşundan düzəldilib, onnlardan birinin içərisində Porsiyanın şəkli gizlədilib. Atasının vəsiyyətinə görə Porsiya onun şəkli olan mücrünü seçən adaxlıya ərə getməlidir. Qızıl mücrünün üzərinə “Mənimlə sən çoxlarının arzusunda olanı əldə edə bilərsən”, gümüş mücrünün üzərinə “Mənimlə sən layiq olduğunu əldə edə bilərsən”, qurğuşun mücrünün üzərinə isə “Mənimlə sən risk edib malik olduğun hər şeyi itirə bilərsən” sözləri yazılmışdı.

Adaxlılardan ikisi mücrülərin üzərindəki sözlərə aldanaraq qızıl və gümüş mücrünü seçdikləri üçün öz şanslarını itirirlər. Üçüncü adaxlı Basanio Porsiyanın şəkli olan qurğuşun mücrünü seçir və onun adaxlısı olmaq şansını qazanır. Freydin ilk baxışdan adi görünən və daha çox folklor nümunələrində rast gəlinən bu motivə diqqət çəkməsi təsadüfi deyildir.

Şekspir mücrü seçimi motivini özündən uydurmamış, onu “Gesta Romanorum” (“Romalıların əməlləri”) məcmuəsindəki bir hekayədən götürmüşdür. Həmin hekayənin qəhrəmanı olan gənc qız kayzerin oğlunun rəğbətini qazanmaq üçün analoji üsuldan istifadə etmişdir. Həmin hekayədə də qurğuşun xoşbəxtlik metalı rolunda çıxış edir.

Freyd burada əksini tapan ilkin mənanın dərk olunması və şərhi üçün qədim motivə müraciət edir.  Belə ki, Mərakeş şahzadəsinin qızıl mücrünü seçməsi onun günəşi, Araqon şahzadəsinin gümüş mücrünü üstün tutması onun ayı təcəssüm etməsi ilə bağlıdır. Bassanio isə qurğuşun mücrünü seçir: o-ulduz oğlandır. Bu mülahizələri əsaslandırmaq üçün Freyd eston xalq eposu “Kalevipoeq”ə istinad edir. Həmin eposda da günəşi, ayı və ulduzu təmsil edən üç adaxlı iştirak edir və qız Qütb ulduzunun oğluna qismət olur. Beləliklə, Freyd bu motivin şərhinin astral mifə gətirib çıxardığını qeyd edir və belə motivlərin dərindən öyrənilməsinin bu istiqamətdə aparılmasının vacibliyini vurğulayırdı.

Feyd “Gesta Romanorum” və  “Kalevipoeq” əsərlərində təsvir olunan adaxlı seçimi motivinin Şekspirin “Venesiyalı tacir” komediyasında çevrilməyə məruz qaldığını söyləyərək, sonuncuda məhz kişilərin mücrünü seçməsi məsələsini qabardırıdı. O, bu motivə psixoanalizin yuxuyozma simvolikasından yanaşaraq  mücrünün qadını simvolizə etdiyini və eyni simvolikanı mifə tətbiq etdikdə bunun Şekspirin komediyasında çevrildiyini, yəni kişinin üç qadından birini seçməsi anlamına gəldiyini bildirir.

Eyni motivə Şekspirin digər məşhur əsərinin –“Kral Lir” faciəsinin bir epizodunda da rast gəlinir. Doğrudur burada söhbət nişanlı seçimindən getmir, lakin bir çox gizli analogiyalar baxımından bu “Venesiyalı tacir”dəki mücrü seçimi motivi ilə bağlıdır. Faciənin süjet xəttinə görə artıq qocaldığını hiss edən Kral Lir öz var-dövlətini sağlığında üç qızı arasında bölmək istəyir. Lakin öncə o, qızlarının ona olan sevgi və sədaqətindən əmin olmaq fikrinə düşür, onlardan onu nə qədər sevdiklərini soruşur. Böyük qızı Qonorilya və Reqana çox bəlağətli, pafoslu sözlərlə atalarını necə çox sevdiklərini bəyan etsələr də, kiçik qız Kordeliya qəlbindəki səmimi hisslərini ifadə etməkdə çətinlik çəkir:

Elə bədbəxtəm ki, qəlbimi dilim

Açıb deyə bilmir, əks edə bilmir.

Nə qədər borcluyam sevməyə sizi,

O qədər sevirəm sizi, nə çox, nə az.

Əslində daha səmimi olan Kordeliyanı qiymətləndirmək əvəzinə, Kral Lir onun cavabından razı qalmır və öz krallığını iki böyük qızları arasında bölərək gələcək faciələrə yol açır. Freydə görə bu səhnənin də kökündə üç qadından birinin seçilməsi, xüsusilə də onlardan ən gənc olanın daha yaxşı və mükəmməl olması motivi dayanır. Freyd digər analoji əsərləri xatırladaraq qədim yunan mifologiyasından Afrodita, Psixeya və məşhur nağıl personajl Zoluşka ilə bağlı motivlərdən danışır. Hər üç personaj da seçilməli qadınlardan ən gənci və ən gözəlidir. Lakin Şekspirin faciəsində bu qadınlar qoca Lirin qarşısında sevgililər kimi deyil, onun qızları kimi təsvir olunur. Bəs bu üç bacı kimdir və seçim niyə məhz üçüncü qızın üzərinə düşməlidir?  Freyd bu sualın cavabını tapmaq üçün “Venesiyalı tacir”də istifadə etdiyi psixoanalitik metoddan yararlanaraq bu üç qadını üç mücrü ilə eyniləşdirir. Kordelya zahiri parıltısı olmayan qurğuşun mücrü kimi öz sevgisini sadə bir dillə, lakin həqiqi hisslərlə ifadə edir. Qızıl və gümüş mücrülər görüntü baxımından daha cazibədardırlar, qurğuşunsa bu mənada “lal”dır. Bassanionu da məhz qurğuşun mücrünün bu “lal” sadəliyi cəlb edir. Kordelya da qurğuşun mücrü kimi sakitdir, “sevir və susur”.

Freyd “Venesiyalı tacir”dəki üç mücrünü və “Kral Lir”dəki üç bacını qədim yunan mifologiyasındakı tale ilahələri-moyralarla əlaqələndirərək maraqlı paralellər aparır. Moyralar üç bacı idi və onların ən kiçiyi ölümü təcəssüm etdirirdi. Moyraları Kral Lirin qızları ilə əlaqələndirərkən Freyd, diqqəti insanın fantaziyalarına yönəldir və qeyd edir ki, insan həyata keçməyən arzularını fantaziyalarında gerçəkləşdirir. Və budur insanın fantaziyası Moyralar haqqında mifdən gələn mənanı dəyişərək onun əsasında öz yeni mifini yaradır. Bu mifdə ölüm mələyini sevgi mələyi və onun yerdəki ipostasları əvəz edir. Deməli, “Kral Lir”dəki üçüncü bacı daha ölümü təcəssüm etdirmir, o bu qadınların ən gözəli və arzu olunanıdır. Beləliklə, Freyd seçim motivinin üç bacı haqqında miflə bağlılığını şərh etməyə çalışır. Kral Lir qocalıb, o şüuraltı öz ölümünün yaxınlaşdığını hiss edir, lakin bu fikri özünə yaxın buraxmır. Və ömrünün sonunda sevgiyə ehtiyac duyur, özünün nə qədər sevildiyini öyrənmək istəyir. Freyd yazır ki, biz burada arzunun dəyişdirilməsini görürük. Mifdəki qaçılmazlıq və nəhs tale seçim motivi ilə əvəz olunur. İnsanı isə zorla nəyisə seçməyə vadar etmək olmaz. O, eybəcər olanı yox, ən gözəlini və arzuladığını seçəcək.

Şekspirin Kral Liri qoca olduğu üçün üç bacı onun qarşısında qızları qismində çıxış edir. Kral Lir yalnız qoca deyil, həm də ölümə məhkum insandlr. Lakin ölümə məhkum qoca Lir ömrünün sonlarında qadın sevgisindən əl çəkə bilmir, özünün nə qədər sevildiyini bilmək istəyir. Bu mənada faciənin final hissəsi çox mənalıdır. Kral Lir  Kordeliyanın cəsədini qucağında səhnəyə gətirir. Kordeliya ölümü təcəssüm etdirir. Əgər bu səhnəni bir qədər dəyişib ona mifin gözüylə baxsaq, Kordeliya elə həmin ölüm mələyinin özüdür. German-skandinav mifologiyasındakı Valkiriya kimi ölmüş döyüşçülərin ruhunu döyüş meydanından Valhallaya aparır. Qədim mifdən gələn əbədi müdriklik Lirə sevgidən imtina edib ölümü seçməyi və bu dünyadan getməyin qaçılmazlığını qəbul etməyi məsləhət görür.

Freydə görə Şekspir qoca, ölümü yaxınlaşan insanın üç bacıdan birini seçməsini göstərərək qədim mifin motivini bizə yaxınlaşdırır. Qədim mifoloji süjetin reqressiv işlənməsi onun ilkin mənasını o dərəcədə parlaq işıqlandırır ki, üç qadın obrazının alleqorik şərhini vermək mümkün olur. Freyd yazır: “Bunu aşağıdakı şəkildə formalaşdırmaq olar: qadına münasibətdə istənilən kişi üçün vacib olan üç tip təsvir olunur: dünyaya uşaq gətirən, dost və məhvedici. Yaxud bizim qarşımızda həyatının müxtəlif dövrləri təsvir olunan ana obrazı canlanır – ana, anaya bənzəyən sevgili və nəhayət onu qoynuna alan Ana torpaq. Lakin qoca (Lir) əbəs yerə qadın sevgisini anasından aldığı şəkildə əldə etməyə çalışır; yalnız taleyi təcəssüm etdirən üçüncü ilahə, sakit ölüm mələyi onu öz qoynuna ala bilər”.

Həmidə Əliyeva,

filologiya elmləri doktoru,

Azərbaycan Dillər Universitetinin “Xarici ölkələr ədəbiyyatı” kafedrasının professoru