Aşıq Əkbəri anarkən...

 11:44 08.09.2023     324

Aşıq Əkbər Cəfərov bizim uşaqlıq, yeniyetməlik dövrümüzün əfsanə isimlərindən idi. Biz “Çıxış edir Ümumittifaq müsabiqələri laureatı Aşıq Əkbər Cəfərov”, “Oxuyur tanınmış Tovuz aşıqları Əkbər Cəfərov və İmran Həsənov” duyurularına o qədər öyrəşmişdik, elə bilirdik, sənət nizamı, aşıqlığın estetikası, ədalət o möhtəşəm ifalarda bir ayrı cür təcalla edir.

Mən hələ kiçik yaşlarımdan saz-söz mühitində böyümüşəm. Şaqraq səsli, “Zilxan” təxəllüslü aşığı yaxından görməyimi həmişə öz taleyimin töhfəsi hesab etmişəm, yaşımın indiki çağında da belə hesab edirəm. Onun yaratdığı “Əkbər gəraylısı”, “Əkbər gözəlləməsi”ni atamın, əmimin evimizdə qurduğu saz-söz məclislərində o qədər dinləmişəm ki!.. “Əhsən”, “Alqış”, “Yaşa”, “Eşq olsun!” sədaları qulaqlarımdan getməyib...

Biz türkük. Saz türkün hadisəsidir. Saz türk ruhunun tərcümanıdır. Aşıqlar ortaq keçmişdən ortaq gələcəyə gedən qutsal yolun sənət yolçuları olub – bizi (necə deyərlər) səfərbər ediblər, bizi inandırıblar, bizə qanad veriblər! Belə ruhlandırma, qanadlandırma, dəstək və məhəbbbət qarşılıqlı olub. Biz öz sazımıza, sazbəndimizə, aşığımıza yiyə durmalıyıq. Bu musiqi bizim tariximizin yol yoldaşıdı. Hesab edirəm ki, hər dəfə əsl saz-söz bayramına çevrilən Aşıq Əkbər məclisləri haqq dünyasında olan bütün aşıqlarımızın ruhunu şad edir.

Bu il (2023) Aşıq Əkbərin anadan olmasının 90-cı ildönümüdür. 1933-cü ildə - saz-söz ustadlarının ocaqlarının sıra-sıra düzüldüyü Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açan Əkbər Zərbalı oğlu Cəfərov, hələ erkən yaşlardan saza-sözə vurğunluq içində olub. O, bir çox ustad sənətkarın – Aşıq Mirzə Bayramov, Aşıq Məhəmməd Rzayev, Aşıq Hüseyn Dəmirçi, Aşıq Mikayıl Azaflı, Aşıq Yunus Həsənov, Aşıq Vəli Qaraxanlı yanında şəyirdlikdən ustadlığa qədər sənət, mənəviyyat yolu keçib. Onun ən əsas ustadı, öyrətməni isə aşıq dastanlarının mahir bilicisi, əfsanəvi sənətkar – ustadlar ustadı Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olub. Bozalqanlı və Tovuz aşıq mühiti, el-oba məhəbbəti, ümumən xalqımızın zəngin mənəvi dəyərləri aşığın şəxsiyyətinin, sənətkarlığının bazisi olub.

Bəlli olduğu kimi, əksər aşıqlar adətən zil, orta və bəm köklərdən birində oxuya bilir. Aşıq Əkbər Cəfərov isə o nadir sənətkarlardan olub ki, hər üç kökdə böyük ustalıq, məharət nümayiş etdirib.

Gözəl saz çalmağı, sirli-sehrli dastanları (hələ cavanlığından) ustadanə söyləyişləri ilə yanaşı, Aşıq Əkbər özünün qoşduğu şeirlərlə də şöhrətlənib. Aşığın gəraylıları, qoşmaları, divaniləri, müxəmməsləri, cığalı təcnisləri, dodaqdəyməz təcnisləri, deyişmələri el-obada, aşıq poeziyası həvəskarları, biliciləri arasında tanınır, bilinir, sevilir.

Görkəmli sənətkar həyatdan vaxtsız köçdü... Biz elə inanır, elə yaraşdırırdıq ki, o, müstəqil Azərbaycanı görəcək, milli uğurlarımızı vəsf edəcək... Qismət olmadı – aşıq, 1990-cı ilin 24 avqustunda gözlərini bu həyata əbədi yumdu... 90-cı ilin 20 yanvarı, ümumən o illərdə xalqımızın üzləşdiyi böyük haqsızlıqlar bütün aydınlarımız, xalqımızın hər bir yanar ürəkli nümayəndəsi kimi onun da ürəyini param-parça eləmişdi... Aşığın ürəyi dayandı amma ruhu diridir və Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizin çiçəklənməsi, tarixi Zəfərimiz onun ruhuna agahdır – buna sarsılmaz inamımız vardır! O, doğma vətənə, əziz millətə, ana torpağa çox bağlı insan idi. “Vətən deyib dil-dil ötən, gümüş telli sazım var” deyən ustad sənətkarın yaradıcılığında vətən məhəbbəti, torpağa bağlılıq, xalqa sədaqət həmişə ən önplanda olmuşdu.

Aşıq Əkbərin 2009-cu ildə çıxan “Söz qanana qurban olum” kitabına önsöz yazmaq mənə nəsib oldu. Doğrudan da, onun səsi ilahi səs idi, möcüzəli səsiydi. Aşıq Əkbər bir dağ yamacındakı qoca palıdın dibindən fışqırıb çıxan bulaq suyu kimi dupduru, təkrarolunmaz bir səs yiyəsiydi. Təsəllimiz odur ki, Aşıq Əkbər yolu, Aşıq Əkbər nəfəsi yaşayır, Tovuzda, Gədəbəydə, Kəlbəcərdə, Laçında, Urmuda, Təbrizdə... neçə-neçə gənc aşığımız, yeni nəsil sənətçimiz məhz onun kimi oxuyur, yeni güllər, zərif döndərmələr, incə xallarla – sənətə xələl gətirməyən yeniliklərlə ustadın ruhunu şad edirlər.

Aşıq Əkbər səsinin, Əkbər sənətinin sirri-sehri, möcüzəsi heç vaxt tükənməyəcək...

Ruhuna alqış!

Qənirə PAŞAYEVA,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri