Qənirə Paşayeva Sərdarlı ailəsi ilə görüşdü

 15:01 22.09.2023     350

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin qurucuları, tanınmış dekorativ tətbiqi sənət ustaları – Sərdarlı ailəsinin üzvləri İsgəndər, Lalə və Toğrul Sərdarlılarla görüşüb.

Redaktor.az xəbər verir ki, parlamentdə baş tutan görüşdə Q.Paşayeva Sərdarlı ailəsinin sənət uğurları ilə yaxından tanış olub. Komitə sədri ailənin milli dəyərlərimizi, tarixi həqiqətlərimizi, etnoqrafik yaddaşımızı incəsənətin estetikası ilə yansıtmasını təqdirlə vurğulayıb.

Q.Paşayeva Milli İncəsənət Muzeyində düzənlənən, Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, Sərdarlı ailəsinin ərsəyə gətirdiyi özəl dekorativ tətbiqi sənət örnəklərindən ibarət sərgininin uğurla keçməsi münasibəti ilə ailəni təbrik edib.

Sərdarlılar ailəsi ilə görüşdə, ümumilikdə Azərbaycanda xalq sənətinin, dekorativ tətbiqi sənət örnəklərinin unudulmuş növlərinin öyrənilməsi, bərpası yeni məzmunda, aktual formatda yaradılmasının və geniş təbliğatının vacibliyi yönündə fikir mübadiləsi aparılıb.

Görüşdə Mədəniyyət Nazirliyinin yeni məzmunda, yeni nəfəslə atdığı əməli addımlara, Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafına verdiyi mühüm dəstəyə qədirşünaslıqla toxunulub.

Nəinki Azərbaycanın, bütün Türk dünyasının zəngin mədəni irsinin yenidən öyrənilməsinə, dünya çapında təbliğatına yardım olacaq mexanizmə malik yol xəritəsinə töhfə verə biləcək çalışmalardan söz açılıb.

Sərdarlı ailəsinin hazırladığı əl işlərinin sənət əsərləri kimi səciyyələndirilərək, müvafiq dövlət qurumları tərəfindən pasportlaşdırılan əsərlər kimi qeydiyyata alındığı məmnuniyyətlə qeyd olunub. Əminlik ifadə olunub ki, unudulmuş tətbiqi sənət örnəklərinin bərpası yolunda işlənib hazırlanan LATİS metodologiyasının geniş istifadə olunması öz bəhrəsini verəcəkdir.

Sərdarlı ailəsi Komitə sədrinə milli naxışlarla süslənmiş sandıqça, Komitə sədri də yaradıcı ailəyə Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.