Günay Əfəndiyeva qırğız nazirlə görüşdü

 15:57 02.10.2023     261

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstana səfəri çərçivəsində Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti naziri Altınbek Maksutov ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüşdə Fondun çoxşaxəli fəaliyyətlərindən, eləcə də təşkilatın qurucu üzv ölkələrindən olan Qırğız Respublikasının 2023-cü il üçün təklif etdiyi layihələrə dəstək verməsindən söz açılıb.

Əsas təşkilatçıları sırasında Fondun yer aldığı, bu ilin may ayında Oşda təşkil olunan VII Beynəlxalq Dünya Xalqlarının Dastanları Festivalının uğurla keçirilməsi geyd edilib. Fond tərəfindən böyük qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyi münasibətilə ədibin “Ana tarla” əsəri əsasında tamaşanın Azərbaycan dilində hazırlanması və yubileyin qeyd olunması çərçivəsində nümayişi vurğulanıb. Azərbaycanın görkəmli alimi və manasşünası Adil Cəmilin müəllifi olduğu “Manas dastanı və türk dastançılıq ənənələri” adlı kitabının Azərbaycan və qırğız dillərində nəşr olunduğu diqqətə çatdırılıb. Fond və Türk Akademiyasının birgə əməkdaşlığı ilə tanınmış qırğız manasçı Rısbay İsakovun redaktorluğu ilə “Sağımbaydin Manası” kitabının yayımlanması, eləcə də Kırğızıstanın iştirak etdiyi təşkilatın digər layihələrin uğurla həyata keçirildiyi bildirilib.

Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Naziri Altınbek Maksutov Fondun fəaliyyətini yüksək qiymətləndirərək, təşkilat ilə gələcək birgə layihələrə dəstəyini ifadə edib.

Görüş qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadilələri ilə davam edib.