"Oxucu bu kitabla tanış olduqca, respublikanın inkişafının həqiqi əks-sədasını duyacaq" - Aqşin Rüstəmov

 16:44 16.10.2023     3635

Azərbaycan Dillər Universitetinin (ADU) yeni nəşri işıq üzü görüb. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabı universitetin Elmi Şurasının qərarı ilə çap olunub. Layihənin icraçı-koordinatoru, Azərbaycanşünaslıq Elmi Mərkəzinin müdiri, tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstəmovla müsahibəni təqdim edirik.

- Aqşin müəllim, məlumdur ki, informasiya  bolluğu və informasiya əsrinin gətirdiyi zənginlik insanların özünüinkişafı, dünyaduyumun və dünyagörüşün formalaşması, elmi tərəqqi və s. baxımından mütərəqqi hal hesab edilir. Bu baxımdan təqdim etdiyiniz “Müstəqillik dövründə ingilsdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” kitabını hazırlamaq ideyası necə meydana gəldi və cəmiyyətimizə faydasını nədə görürsüz?

- Təqdim olunan kitab Azərbaycan Dillər Universitetinin rektoru, hörmətli akademik Kamal Abdulla tərəfindən irəli sürülən layihənin icrasıdır. Kamal müəllimin ideyası  mahiyyət etibarilə Azərbaycanın ictimai-siyasi düşüncə tərzinin formalaşmasına böyük faydadır. O öz müsahibələrinin birində də  ərsəyə gələn bu kitab haqqında qeyd edirdi ki, “universitetimizdə diqqəti cəlb edən maraqlı layihələrdən biri də 1993-2003-cü illərdə ilk müstəqillik dövründə ölkəmizlə bağlı xarici ölkələrdə ingilis dilində yazılan məqalələrin tərcümə edilib şərhlərlə çap edilməsidir. Bilirsiniz ki, bu dövrdə müxtəlif ölkələrdə Azərbaycana münasibət eyni olmayıb. Azərbaycanın başının üstündə qara buludlar əskik deyildi. Qara buludların ortaya çıxıb Azərbaycana təzyiq göstərməsinin bir səbəbkarı da o qəzetlər idi ki, qərəzli yazılar çap edirdilər. İşimizin bir hissəsi də ondan ibarət oldu ki, universitetdə tərcüməçi və jurnalistləri bir yerə yığdıq. Onlar ilk müstəqillik illərində, Ulu öndərin hakimiyyətdə olduğu vaxt ingilisdilli mətbuatda Azərbaycan obrazı haqda təəssürat yaradan yazıları tərcümə edib bir kitaba topladılar. Azərbaycan Amerikadan, İngiltərədən, Hindistandan, müxtəlif ölkələrdən necə görünürdü?! Kitab bu barədə idi. Biz o kitabı Ulu öndərin 100 illiyinə həsr etmişik”.

Mənə elə gəlir ki, sualınızın cavabı elə bu fikirdə öz əksini tapıb.  Kamal müəllim nəinki ideyanın müəllifi idi, o həm də bu layihənin  təşkil olunmasında yaxından iştirak edirdi,  iş prosesi ilə bilavasitə özü  maraqlanırdı. Kitabda 1993-2003-cü illərdə müxtəlif ölkələrdə (ABŞ, Kanada, İngiltərə, Rusiya, Avstraliya və s.) ingilisdilli mətbuatda  (“The Gazette”, “The Times”, “The Globe & Mail”, “The Sydney Morning Herald”, “The Moscow times”, “The Washington Post”, “Sunday Times”, “The New York Times”, “The Guardian”, “The Economist”, “The Daily Herald” və s.) Azərbaycan haqqında dərc olunan məqalələrin Azərbaycan dilinə tərcüməsi yer almışdır. Dövrün tələbinə uyğun olaraq  məqalələr əsasən  Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın neft-qaz sənayesi, siyasi həyatı, tarixi və mədəniyyəti ilə bağlı mövzuları əhatə edir. İlk növbədə kitab Vətənimizin kənardan, xarici ölkələrdən necə göründüyü barədə təsəvvür yaradır. Qeyd etmək lazımdır ki, bu, Azərbaycanın xaricdə tanınması ilə yanaşı, bizim öz-özümüzü tanımağımız baxımından da əhəmiyyətlidir. Məqalələr toplusu olan bu kitab bizə müxtəlif sahələrdə Azərbaycanla bağlı inkişaf dinamikasını izləməyə imkan verir.

Oxucu bu kitabla tanış olduqca Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə xarici mətbuatda Azərbaycan haqqında verilən yazıların müsbətə doğru necə dəyişdiyinin şahidi olacaq, respublikanın inkişafının həqiqi əks-sədasını duyacaqdır.  

Bəzi məqalələrdə bəhs edilən hadisə və proseslərlə əlaqəli yol verilən qeyri- dəqiqliklər, təhriflər və s. barədə kitabın “Qeydlər” bölməsində  şərhlər verilmişdir. 

- İngilisdilli mətbuat dünya mətbuat tarixinin inkişaf mərhələlərindən birini təşkil edir və kökləri əsrlər əvvələ gedib çıxır. Fikrinizcə, Azərbaycan obrazının bu mətbuatda səciyyələnməsinin əsas mahiyyəti nə ilə bağlıdır?

 - Yəqin mənimlə razılaşarsınız ki, dünya arenasında Azərbaycanın  siyasi-ictimai fikrinin  istiqamətini, qonşu xalqın işğalçılıq siyasətini  müəyyən etmək, bunların nə qədər ziddiyyətli, mürəkkəb şəraitdə getdiyini bilmək üçün xarici mətbuatının  tədqiq və şərh olunması, eyni zamanda ona münasibətin bildirilməsi ölkəmizin  gələcək inkişafının əsas istiqamətini təşkil edir. Bu baxımdan ingilisdilli mətbuatda Azərbaycan haqqında yazılanları üzə çıxarmaq və onları ictimaiyyətə təqdim etmək bizim işimizin əsas qayəsini təşkil edirdi. Çünki, mətbuat ilk növbədə sosial dəyərləri və inamları ifadə edən vasitədir. Bütün buna əsaslanaraq, “Ön söz”də də qeyd edildiyi kimi  müstəqillik illərində ingilisdilli mətbuatda Azərbaycan obrazı haqqında məqalələrin tərcümə olunaraq təqdim edilməsi siyasətçilər, tarixçilər, iqtisadçılar, regionşünaslar, diplomatlar və digər mütəxəssislər üçün son dərəcə faydalı vəsait kimi dəyərləndirmək olar.

- Sizin də qeyd etdiyiniz kimi mətbuat ilk növbədə sosial dəyərləri və inamları ifadə edir. Bu mənada kitabda yer alan məqalələrin ilk növbədə ictimai-sosial dəyərini aydınlaşdırmağa çalışaq…

- Kitabda ABŞ, Kanada, İngiltərə, Rusiya, Avstraliya kimi nəhəng ölkələrin mətbuatında yer alan müstəqil Azərbaycanın davamlı inkişafı, daxili və xarici siyasəti ilə bağlı yazılar öz əksini tapıb. Bəzi hallarda ölkəmizin əldə etdiyi uğurlar ölkə xaricindəki anti-Azərbaycan qüvvələrini narahat edir və onlar qarayaxma siyasətinə baş vururlar. İngilisdilli mətbuatda ölkəmizlə bağlı qərəzli yazılardan da ictimaiyyətin xəbərdar olması icra etdiyimiz layihənin mühüm vəzifələrindən idi. Erməni diasporları tərəfindən  təşkil olunmuş bu tipli yazıların xaricdə yaratdığı təəssüratı torpaqlarımızın  azadlığı  uğrunda 44 günlük müharibənin gedişatında ilk növbədə Ali Baş Komandan,  Prezidentimiz İlham Əliyevin  mütəmadi olaraq  verdiyi müsahibələr alt-üst elədi. Ölkə başçısının  Dağlıq Qarabağ problemi, Azərbaycanın geosiyasi rolu, iqtisadiyyatı və daxili siyasi prosesləri ilə bağlı bütün suallara cavablardan ibarət müsahibələri dünyanın yüzlərlə KİV-lərində yayıldı.  Ermənistanın apardığı təcavüzkar siyasət aydınlaşdı. Bizim də  təqdim etdiyimiz məqalələrdə  onların iç üzünü ortaya çıxaran faktlar təqdim olunmuşdur.

Redaktor.az

2