Göyçayda Nar bayramı keçiriləcək

 13:30 17.10.2023     3361

Noyabrın 11-12-də Göyçayda Nar bayramı keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu meyvəyə həsr olunmuş tədbir ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2006-cı il noyabrın 3-də keçirilib.

O vaxtdan bəri ənənəyə çevrilən bu “meyvə bayramı” ölkəmizin sakinləri və qonaqları arasında maraq oyatmaqda davam edir. Qeyd edək ki, ənənəvi Nar bayramı 2020-ci il dekabrın 16-da UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Araşdırmalar göstərib ki, Göyçayda keçirilən tədbir MDB ölkələrində keçirilən üç ən yaxşı etnoqastronomik bayram və festivallardan biridir.

Bu tədbir təkcə ölkənin müxtəlif bölgələrinin sakinlərinin deyil, həm də rəngarəng festivalda iştirak etmək üçün Azərbaycanın nar paytaxtına toplaşan xarici qonaqların diqqətini cəlb edir.

Yerli sakinlər öz məhsullarını tədbir iştirakçılarına nümayiş etdirir, milli mətbəxin nadir nümunələrini təqdim edirlər. Festival çərçivəsində müxtəlif əyləncəli şoular da keçirilir.

Qeyd edək ki, pandemiya səbəbindən festival dörd il müddətinə təxirə salınıb və noyabrın 11-12-də davam etdiriləcək. Bayram günlərində insanlar müxtəlif nar növləri ilə tanış ola, milli mətbəxin ləziz təamlarından dadacaq və əyləncədən həzz ala biləcəklər.

Qeyd edək ki, rəsmi hissə, sərgi, atəşfəşanlıq şəhər stadionunda və Əli Kərim parkında olacaq.

Redaktor.az