Vaqif Mustafayevin filmi türk dünyasının baş mükafatını qazandı

 22:49 22.10.2023     566

Kinorejissor, Azərbaycanın Xalq artisti Vaqif Mustafayevin “Fikrət Əmirov” adlı filmi “VIII Türk Dünyası Sənədli Film Festivalı”nın baş mükafatına layiq görülüb.

Redaktor.az xəbər verir ki, oktyabrın 22-də Ankarada “Doqquz ölkə, doqquz şəhər, bir festival” şüarı altında keçirilən tədbirin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib.

Festivalın təşkilatçısı, Türk Dünyası Jurnalistlər Birliyinin sədri Menderes Demir tədbirin Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsi, bir sıra bələdiyyələr, birliklər, QHT-lər, universitetlər, media şirkətləri və digər təşkilatların dəstəyi ilə reallaşdığını bildirib.

Sonra türk dünyasına verdiyi töhfələrə görə Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri mərhum Qənirə Paşayeva adına təsis edilən şərəf mükafatı, Azərbaycan Mədəniyyət Nazirliyinin “Azərbaycanfilmin 100 illiyi” kimi bir sıra mükafatlar sahiblərinə verilib.