Şair Mirsəyyaf Zamanlının yeni kitabının təqdimatı keçirilib - FOTO
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda şəhid atası, tanınmış şair, Əməkdar müəllim Mirsəyyaf Zamanlının “Dərdin adamı” adlı növbəti şeirlər kitabının təqdimatı keçirilib.
Redaktor.az xəbər verir ki, təqdimat mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən Seyran Səxavət, Qəşəm Nəcəfzadə, şairin qələm dostları, jurnalistlər, ziyalılar, oxucular və ailə üzvləri iştirak edib.
Kitabın redaktoru Rübabə Sahib, Əməkdar jurnalist Əlövsət Ağalarov, yazıçı Seyran Səxavət, Həbib Misirov, şairlərdən Nəsib Nəbioğlu, Qəşəm Nəcəfzadə, Namiq Dəlidağlı, Rövşən Hüseynli, Qəzənfər Mənsimoğlu, İlham Qazaxlı, pedaqoq Həqiqət Şükürova, Novruz Nəbioğlu və başqaları Mirsəyyaf Zamanlıya ədəbi-bədii yaradıcılığında uğurlar arzulayıb, yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik ediblər.
Mirsəyyaf Zamanlını tanıdıb yüksəldən əsas məqamlardan biri, bəlkə də birincisi onun şeirlərindəki cəsarətli deyimləri ilə bağlıdır. Şair, qələm adamı bütün zamanlarda başqalarının çox vaxt deyə bilmədiklərini açıq mətnlə dilə gətirirsə, cəmiyyətin problemlərini, qayğılarını şeirə, sözə çevirirsə, demək o, əsil söz adamı, dürüst vətəndaş, xalqını sevən adamdır. Tarixən də ədəbiyyatda məhz bu yolu gedənlər əbədi ölməzlik qazananlardır.
“Dərdin adamı” adlı kitabında müəllifin vətən həsrətli, cadar-cadar duyğularını hayqırdığı, zəmanənin xərəyində daşıya bilmədiyi və silkələnib səpələdiyi ictimai mövzulu, sevgi qoxulu şeirləri yer alıb.
Həmidə İBRAHİMLİ