“Dildə, fikirdə, əməldə birlik” missiyası

 16:40 06.11.2023     513

Türkdilli xalqların, türk dünyasının böyük ədəbi-mədəni və elmi irsinin qorunması, qiymətləndirilməsi, təbliği və gələcək nəsillərə ötürülməsi Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun türk milli kimliyinin yaşadılması uğrunda davamllı fəaliyyətinin ali missiyasıdır. Təməl dayaqları 1983-cü il avqust ayının 17-də təsdiqlənmiş  bu ali qurumun  tərkibinə Türk Tarix Qurumu (1931) və Türk Dil Qurumu (1932), həmçinin Atatürk Araşdırma Mərkəzi və Atatürk Mədəniyyət Mərkəzi daxildir. Türkiyənin bu dörd özəl qurumu 1983-cü ildən bu yana ali Qurumun çətiri altında müxtəlif sahələrdə fəaliyyətlərini davam etdirirlər.

Türk Dil Qurumu böyük Atatürkün göstərişi ilə 1932-ci il iyulun 12-də yaradılıb və qurucuları o dövrün tanınmış ədəbiyyat adamları olan Samih Rifat (ilk prezident), Ruşen Eşref, Cəlal Sahir və Yakup Kadridir.

Türk Dili Araşdırma Qurumunun fəaliyətinin ali məqsədi türk dilinin əsas gözəllik və özəlliyini, zənginliyini ortaya çıxarmaq və onu dünya dilləri arasında öz dəyərinə layiq zirvəyə çatdırmaqdır. Qurumun əsas davamlı nəşrlərindən biri ilk sayı 1951-ci ilin oktyabrında işıq üzü görmüş və uzun illərdir Azərbaycan elmi mühitində də kifayət qədər tanınan, oxunan “Türk Dili” (https://tdk.gov.tr/yayinlar/sureli-yayin­larimiz/turk-dili-dergisi) aylıq dərgisidir. Müasir dünyanın elmi-texnoloji tələbləri səviyyəsində dərc edilən digər nəşrlər “Türk Dünyası Dil və Ədəbiyat Dərgisi” (https://tdkturkdunyasi.gov.tr) də beynəlxalq resenziyalı, altı ayda bir dəfə nəşr edilən dərgidir.

“Türk Dili Araştırmaları İlliyi - Bülleten” (https://tdkbelleten.gov.tr/) Türk Dil Qurumunun 1953-cü ildən bəri  ildə iki sayı dərc edilən və  ən böyük elmmetrik istinad bazası olan SCOPUS tərəfındən indeksləşdirilən, skan edilən elmi dərgisidir.

Türk Dil Qurumunun dövri nəşrləri olan həm “Türk Dili Araştırmaları İlliyi - Bülleten”, “Türk Dünyası Dil və Ədəbiyyatı” və “Türk Dili” dərgilərinin  məlumat bazasında toplanaraq PDF formatında istifadəyə verilib. Məlumat bazasında “Türk Dili Araştırmaları İlliyi - Bülleten”dən 903, “Türk Dünyası Dil və Ədəbiyyatı” dərgisindən 489, “Türk Dili” dərgisindən 20038 məqalə olmaqla, cəmi 21430 məqalə vardır və “Metin Veri Tabanı” (https://metinveritabani.tdk.gov.tr) portalında verilənlər bazasında istifadəçilər üçün açıqdır.

Həmçinin “Türk Dil Kurumu Sözlükleri” (https://sozluk.gov.tr) portalında lüğətlərin hazırlanma prinsipləri və istifadə xüsusiyyətləri maddələrlə göstərilib.

Türk dilinin yazılı və şifahi mənbələri üzərində elmi əsaslarla araşdırma aparmaq, türkcənin elm, sənət, ədəbiyyat və təhsil dili kimi inkişafını izləmək və bütün sahələrdə səmərəli, düzgün istifadəsini təmin etmək, dünya dilləri arasında dəyərinə layiq bir zirvəyə yüksəltmək, tük kültür coğrafyasında ümumi ünsiyyət dili, dünyada geniş yayılmış və etibarlı bir dil etmək missiyası Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun ali məqsədidir.

Onu da qey edək ki, bu ali məqsədin davamlı olaraq həyata keçirilməsi uğrunda həm elmi, həm də ictimai fəaliyyətlə estafeti davam etdirən Türk Dil Qurumunun başqanı professor Osman Mertin xidmətləri vardır. Professor Osman Mert türk dilində danışan ölkələrlə elmi-mədəni əlaqələri genişləndirmək məqsədilə həyata keçirilən bir çox layihələrin iştirakçısı və ciddi elmi nəşrlərin məllifidir.

Professorun “Gürcistan Cumhuriyetinde Yaşayan Türklerin Dünü ve Bugünü” (Eğitim, Dil, Edebiyat, Tarih, Etnoloji ve Yüzey Araştırmaları), “Türk Kültüründe Yazı Kavramının Gelişimi”, “Güney Türkistan, Kafkaslar ve Avrupa’daki Türk Yazıtları ve Turfan ve Komşu Bölgelerdeki Runik Yazıtlarla İlgili Epigrafik ve Fotogrametrik Araştırmalar”, “Çin Halk Cumhuriyeti, Orta Asya Türk Cumhuriyetleri ve Rusya Federasyonundaki Yazıtlarla İlgili Epigrafik ve Fotogrametrik Araştırmalar”, “Erzurum-Nahçıvan İpek Yolu Güzergâhındaki Türk Kültür Eserleri” və s. kimi mövzularda araşdırmalarının coğrafi  miqyası onun Tük dünyasına bağlılığının göstəricisi və çalışmaları, çıxışları, elmi baxışları Türk xalqlarının birliyinə xidmətidir. Professor Osman Mertin Azərbaycan Milli Elmlər Akademiyasında keçirdiyi görüşlər də yadda qalan olub.

“Bu gün Türk Dil Qurumunun nəşrləri sırasında Azərbaycan türkcəsi başda olmaqla, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti türkcələrində, eləcə də bütün türkcələrlə bağlı araşdırma aparılmaqda və nəşrlər hazırlanmaqdadır. Bir sözlə, Türk Dil Qurumu türkcənin dil qurumu, sizin dil qurumunuzdur. 1926-cı ildə bu binada (İsmailiyyə binası) Birinci Türkoloji Qurultay keçirilmişdir və 2026-cı ildə İkinci Türkoloji Qurultayın məhz burada keçirilməsini qərara aldıq”,  – Türk Dil Qurumunun başqanı, professor Osman Mertin Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Uluslararası Oğuz Türkcəsi Konfransı”nda səsləndirdiyi bu sözlər bir çağırış və türklük sevgisi adına fəaliyyətin gözəl nümunəsidir.

Bu ilin oktyabr ayında isə Almatıda “Ortaq türk əlifbasının inteqrasiya rolu: elmi və sosial aspektlər” mövzusunda beynəlxalq konfransda  çıxışında professor Osman Mert qeyd edib ki, əcdadlarımız VIII əsrdən başlayaraq müxtəlif əlifbalardan istifadə etsələr də, türk məkanı daxilində əlifba birliyini daim qoruyub saxlayıblar.

Osman Mert ortaq əlifba ilə bağlı vahid siyasətin işlənib hazırlanması və həyata keçirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Sevindirici haldır ki, Türk Dil Qurumunun Azərbaycan Milli Elmlər Akdemiyası Nəsimi adına Dilçilik İntitutu ilə imzaladığı  işbirliyi müqaviləsi bu ali missiyanı davam etdirir.

Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumu, Türk Dil Qurumu, Elmi Araşdırmalar Müdirliyinin dilçiliyin müxtəlif istiqamətlərində elmi-tədqiqat işləri aparan və ölkənin dil situasiyasını elmi-nəzəri baxımdan tənzimləyən Nəsimi adına Dilçilik İntitutu ilə imzaladığı əməkdaşlıq müaviləsi alimlərimizə Qurumun uyğun gördüyü verilənlər bazalarından, elmi nəşrlərdən, elektron yayınlardan yararlanmaq, bu bazalarda təmsil olunmaq, nəşr olunmaq imkanı verəcəkdir. İmzalanmış əməkdaşlıq sənədinin müddəalarına əsasən Nəsimi adına Dilçilik İnstitutunun alimləri Qurumun elmi bazalarından İnstitutun kitabxanasındakı lokal şəbəkədə sərbəst istifadə edəcəklər.

Dilçilik İnstitutunun kitabxanası öz növbəsində aid olduğu elmi mühitin əhəmiyyətli nəşrlərini və elmi toplu və dərgiləri Qurumun kitabxanasına təqdim edərək qeydiyyatdan keçirəcəkdir ki, bu da Azərbycan elminin, almlərimizin beynəlxalq səviyyədə tanınmasına doğru yeni bir qlobal informativ prosesə qoşulması deməkdir.

Onu da qeyd edək ki, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında Əməkdaşlıq Protokolunda yer alan “elmi məlumat və elmi nəşrlərin mübadiləsi” müddəasına uyğun olaraq, müəllif və nəşriyyat hüquqlarının qorunması xüsusi olaraq qeyd edilib. Qurumun nəşrlərinə daxil olmaq üçün link ünvanlar Nəsimi adına Dilçilik İnstitutunun Kitabxanasına təqdim olunub. Lokal şəbəkə daxilində giriş etdikdən sonra üzvlük yaradıb daha sonra yalnız administratorun təsdiqi ilə sistemə daxil ola bilərsiniz.

Dilşünaslarımıza, ümumiyyətlə Azərbaycan elminə və alimlərimizə bu imkanı yaratdıqları üçün professor Osman Mertə öz təşəkkürümüzü bildiririk.

Sevil ZÜLFÜQAROVA,

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Kitabxanasının müdiri