Ana olmadan da analıq etmək olarmış...

 14:34 11.11.2023     429

Qənirə Paşayevasız dünyamızda düşünmək çətinləşsə , onun sübut etdiyi həqiqətləri bir məcraya toplamağa cəhd etdim.

Özünü cəmiyyətə, insanlara, xalqa, vətənə, dünyaya qurban deyən Qənirə xanım qısa ömrü ilə sübut etdi ki:

• İnsan 48 il yaşamaqla da tarix yazıb, tarixə yazıla bilərmiş;

• 48 illik ömürdə 480 illik əməlləri görmək mümkün imiş;

• Tomrislər, Nüşabələr, Məhsətilər əfsanə deyilmiş;

• İnsan ən dəyərli təbii sərvət imiş;

• İnsan həyatının dəyərini müəyyənləşdirən meyarlar var imiş;

• Cəmiyyət hər kəsə düzgün və dəqiq qiymət verirmiş;

• Vaxtı düz böləndə vaxt çatışmazlığı olmurmuş;

• Səmimiyyət və həssaslıq cəmiyyət tərəfindən qiymətləndirilirmiş;

• El üçün ağlayan göz kor olmurmuş; 

• Vətənpərvərliyi əməldə də etmək mümkündür; 

• İxtisasın olmayan peşənin də ən yüksək zirvəsini fəth etmək olurmuş;

• Ömrün dəyərini insan əməlləri ilə müəyyənləşdirirmiş;

• Gənc və çəlimsiz bir qız deputat etalonu ola bilərmiş;

• Ucqar bir kənddə dünyaya gəlib Fəxri xiyabanda dəfn olunmaq mümkün imiş;

• Ana olmadan da analıq etmək olarmış;

• Azərbaycan qadınının böyük potensialı varmış;

• Bir qadın bir ordunun qüdrətində olarmış;

• Kiçik bir ailənin övladından Böyük Türk dünyasının qızına çevrilmək olarmış;

• Zərif bir xanımın nitqi Türk dünyasını silkələyərmiş;

• Aslanın erkəyi, dişisi olmazmış;

• 44 günlük müharibədə xanımların müstəsna rolu var imiş;

• İnsan xalqa xidmətdən yorulmazmış;

• Əlində bir səlahiyyət olmadan da yüz minlərlə insana kömək etmək olarmış;

• Ömrünü Xocalıya həsr edib Xocalı azad olanda dünyadan köçmək mümkün imiş;

• Vəzifədə olmadan da milyonların səmimi sevgisini qazanmaq mümkün imiş;

• Eyni zamanda həm duyğulu, həm də praqmatik olmaq mümkün imiş;

• Bir insanın dünyadan getməsi ilə böyük bir boşluq yaranarmış;

• Heç də torpağın üzü soyuq deyilmiş;

• İnsan dünyasını dəyişəndən sonra yenidən kəşf edilərmiş;

Fikrət Şiriyev

Filologiya elmləri namizədi, dosent