Kəlağayı qəliblərinin kataloqu hazırlandı

 15:03 31.10.2023     161

Tarixən kəlağayı mərkəzi sayılan Basqal və Şəkidə bu sənət nəsildən-nəslə ötürülür. Adətən məhz kəlağayı ustalarının övladları onların işini davam etdirir. Təəssüf ki, bu sənət əsasən eyni ailələr tərəfindən qorunduğuna görə uzun illər ərzində kəlağayıların bir çox ornamentləri unudulub. Bu da milli naxış nümunələrinin getdikcə itməsi, istehsalat prosesinin unudulması, unikal naxışların yaddaşlardan silinməsi, yoxa çıxmasına gətirib çıxarır.

Redaktor.az xəbər verir ki, “Qeyri-maddi mədəni irsin təbliği” İctimai Birliyi kəlağayı sənətinin ornamentləri, simvolikasının tədqiqi və təbliği məqsədilə  araşdırma layihəsi həyata keçirib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəiyilə icra olunan layihə çərçivəsində indiki dövrə gəlib çatmış kəlağayı naxışları haqqında məlumatlar toplanılıb və onların mərkəzləşdirilmiş bazası yaradılıb. Bu məqsədlə layihə iştirakçıları müxtəlif bölgələrə səfər edib həm şəxsi muzeylər, kolleksiyaçılar, həm də dövlət muzeylərində olan kəlağayıların fotolarını çəkərək, onlar haqqında informasiyanı toplayıblar. Şəki, Basqal, Şamaxıda aparılan araşdırmalar nəticəsində toplanılan  kəlağayıların ornamentləri araşdırılıb, bu naxışların anlamı ilə bağlı məlumat hazırlanıb. Bütün bu məlumatlar kəlağayı ornamentlərinə dair elektron kataloqa daxil edilib. 

Təşkilatın sədri, tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyovanın verdiyi məlumata görə, 100-dən artıq ornamentin daxil edildiyi kataloqda qədim kəlağayı nümunələri, onların ornamentləri, ölçüləri və kompozisiyası, kəlağayı naxışlarının anlamı, rəng və məna çaları haqqında informasiya təqdim olunur. 

A.Rüstəmbəyovanın sözlərinə görə, belə bir bazanın yaradılması unudulmuş kəlağayı naxışları üçün basmaqəliblərin yenidən düzəlməsinə, kəlağayılar üzərində bu naxışlar yenidən əks olunmasına da imkan verəcək. Həm də gələcəkdə Azərbaycan ustalarına məxsus naxışların digər millətlər tərəfindən mənimsənilməsi, özününküləşdirilməsinin qarşısının alınması işinə böyük töhfə olacaq. Sonradan bu kataloqda əks olunan məlumatların nəşri də nəzərdə tutulur.

22