ADU-nun tələbəsi “Ən yaxşı tamaşa stili” nominasiyasında çempion oldu - FOTO

 12:26 13.11.2023     241

Çinin Kunmin şəhərində (Yunnan əyaləti) dünyanın 130-dan çox ölkəsində milli seçmə mərhələlərdən uğurla keçmiş orta məktəb şagirdləri arasında “Çin dili körpüsü” XVI Ümumdünya Çin dili müsabiqəsinin və ibtidai sinif şagirdləri arasında “Çin dili körpüsü” III Ümumdünya müsabiqəsinin finalı keçirilib.

Redaktor.az xəbər verir ki, bu müsabiqə Çin dilinin öyrənilməsi vasitəsilə Çinin mədəni irsinin dərindən dərk edilməsini təşviq etmək və dünya xalqları arasında beynəlxalq anlaşma və əməkdaşlığı gücləndirmək üçün nəzərdə tutulub.

Yarandığı 2002-ci ildən etibarən müsabiqəyə dünyanın 160-dan çox ölkəsindən 1,5 milyondan çox gənci iştiraka cəlb edilib. Builki finalda 97 ölkədən 168 məktəbli Çin dilində bacarıqlarını nümayiş etdirib. Müsabiqə iştirakçılarının qiymətləndirilməsinin əsas meyarlarına həm Çin dilini bilmə səviyyəsi, həm də onun praktiki tətbiqinin çoxyönlü olması, eləcə də Çin mədəniyyəti anlayışı daxildir.

Qaliblər bir sıra müsabiqə turları, o cümlədən nitq müsabiqələri, cümlə tərtib və sözləri təxmin etmək müsabiqələri, sual-cavab raundları, bədii istedad nümayişi və s. vasitəsilə müəyyən edilir. Finalın nəticələrinə əsasən, 1-ci əsas çempionun və üç dərəcəli mükafatçıların müəyyən edilməsi ilə yanaşı, xüsusi nominasiyalar üzrə mükafatlar da təqdim edilir.

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, Pekin operası qəhrəmanının ariyasını ifa edən Konfutsi İnstitutunun tələbəsi Sofiya Qarayeva “Ən yaxşı tamaşa stili” nominasiyasında əsas çempion olub. İfaçılıq istedadı ilə münsiflər heyətini heyran edən Sofiya Çin Mərkəzi Televiziyasınıin verilişinə də dəvət olunub. Final mərasimində çıxış edən Çinin təhsil nazirinin müavini Çen Jie beynəlxalq Çin təhsilinin inkişafının sivilizasiyalar arasında humanitar əlaqələrin genişlənməsinə və bəşəriyyət üçün ortaq taleyi olan cəmiyyətin qurulmasına töhfə verdiyini vurğulayaraq, Azərbaycanlı iştirakçı Sofiya Qarayevanı Pekin Operasının ən gənc artisti kimi xüsusilə qeyd edib.