Məmmədağa Kərimovun yubileyi qeyd olundu

 09:18 11.12.2023     287

Dekabrın 9-u Azərbaycan Milli Konservatoriyasının "Xalq çalğı alətləri" kafedrasının ustad müəllimi əməkdar incəsənət xadimi Məmmədağa Kərimovun 75 yaşı, pedaqoji fəaliyyətinin 55 illik yubileyi münasibəti ilə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kəriminin təşəbbüsü ilə Beynəlxalq  Muğam Mərkəzində yubiley konserti keçirildi. Konsertdə Məmmədağa Kərimovun sənət dostları, tələbələri iştirak edib. Yubiley konsertini tanınmış "Musiqi dünyası" radiojurnalının aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı aparıb.

Əməkdar Mədəniyyət işçisi, çixiş edənlərin təbiriylə desək müəllimlər müəllimi Məmmədağa Kərimovun həyat və yaradıcılğının geniş şəkildə vərəqləndiyi bu tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru xalq artisti Siyavuş Kərimi, Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti, professor Tofiq Bakıxanov, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova, Xalq Çalğı Alətləri Kafedrasının rəhbəri Ramiz Əzizov, Musiqi Kollecinin rəhbəri, professor Nazim Kazımov, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu çıxış etdi. Ustadlar müəllimi Məmmədağa Kərimovun ilk tələbələrindən biri, Azərbaycan Milli Konservatoriyasının professoru, xalq artisti, Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri Möhlət Müslümov gözəl tar ifasıyla tədbirə rəng qatdı( Əfrasiyab Hümmətli müşayət). Eyni zamanda tədbirdə tələbələrdən Arslan Növrəsli, Bəhruz Zeynalov, Ağaverdi Paşayev, AMK tərkibində İncəsənət Gimnazıyasının şagirdi Cəlalə İsmayılzadə( Müşayət Svetlana Əhmədova),Tarzən Humay Qədimova(müşayət-Nəriman Əliyev,Elnur Əliyev)Bəhruz Əliyev, Natavan Həsənova da iştirak edirdi. Müəllimlər müəllimi əməkdar incəsənət xadimi Məmmədağa Kərimovun danılmaz, peşəkar müəllimlik fəaliyyətinə həsr olunmuş gecədə bəstəkar, Məmmədağa müəllimin ömür-gün yoldaşı Firəngiz Babayevanın bəstələdiyi əsərlər də ifa olundu. Məmmədağa müəllimin nəvəsi Niderlanddan canlı olaraq qatılaraq babasını musiqi ifasıyla təbrik etdi. Yubiley konsertini ustadın tələbəsi, eyni zamanda Muğam Mərkəzinin direktoru Sahib Paşazadə çıxışıyla yekunlaşdırdı.