“Fikrət Əmirovun yaradıcılığına səyahət”in işığında

 17:30 12.12.2023     261

Azərbaycan Milli Konservatoriyasının böyük zalında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbirin coşqusu tələbələrin həyəcanında nəzərimi cəlb etdi. Öncə özümü təqdim etmək üçün müəllimlə görüşdüm. O, gülər üzlə məni qarşıladı.

Bu, respublikanın əməkdar artisti, "Milli Vokal" kafedrasının baş müəllimi, uzun illər opera səhnələrindən sevərək izlədiyim Zenfira İsmayılovadır.

Uzun illər Opera və Balet Teatrının solisti, baş rolların ifaçısı, prezident təqaüdçüsü, sənətinin vurğunu müəllimin istedadlı tələbələri olacaq düşüncəsi ilə onlara uğur diləyib, zala daxil oluram.

Yavaş-yavaş izləyicilər öz yerlərini alırlar. "Milli Vokal" kafedrasının müdiri Azər Zeynalov sözə başlayıb sevimli müəllimə və tələbələrinə uğur dilədi.

Səhnə Fikrət Əmirovun görüntüləri ilə, bir-birindən zəngin əsərləriylə davam etdi.

Nəzərimi cəlb edən məqamlardan ən önəmlisi isə birinci kursdan ta maqistr dərəcəsinə qədər olan tələbə qrupunun eyni səhnəni eyni peşəkarlıqla bölüşməsi oldu. Tələbələr  səhnədə sərbəst, səslərinə və bütün səhnə hərəkətlərinə son dərəcədə diqqətli, nizamlı idilər. Fikrət Əmirovun "Sevil" operasından Sevilin, Dilbərin ariyaları çox uzun müddət yaddaşlardan silinməyəcək iz qoydu.

Zeynəb Hüseynova sanki həmin obrazın bütün səhnə keyfiyyətini mənimsəmişdi. "Sevil" operasında bir çox Dilbərlər gördük.Tələbənin ifa etdiyi Dilbər heç də onlardan geri qalmırdı.

"Laylay" əsərinin ifaçısı Nigar Rüstəmova səhnə geyimi, mədəniyyəti və səsinin gözəlliyi ilə tamaşaçıları fəth etməyi bacardı. Səhnə profesionallığı və sərbəstliyi ona hakim olmağı sevir. Tələbələrin istedadı bütün bu meyarlara yüksək səviyyədə cavab verirdi. Fikrət Əmirovun "Şeyx Sənan" əsərindən Kor ərəbin mahnısını ifa edən Cavidan İsayevin yüksək peşəkarlığına söz tapa bilmədim.

Tələbələr bir-birindən gözəl ifalar təqdim etdi. Bu, Zenfira İsmayılovanın ucalığı və uğuru idi. Konsert boyu Fikrət Əmirovun görüntülərini görüb səsini eşitdik. Fikrət Əmirov Azərbaycan musiqisinin korifeyi, bəstəkarlıq məktəbinin yaradıcısı olmuşdur. Onun yazdığı əsərlər Azərbaycan operasının əsasını təşkil edir. Bir bəstənin böyüklüyü onun insan ruhuna, obrazına yaxın olmağıdır ki, Fikrət Əmirov bu sahədə Azərbaycan musiqisində böyük iz qoyub gedən sənətkardır. İndi onun yaradıcılığına müraciət etmək bir müəllim və tələbə heyəti üçün böyük sənətkarlıq tələb etməklə yanaşı bu musiqini də daima yaşatmaqdır. Konsertdə iştirak edən bütün tələbələr - Sevil - Səma Həmzəyeva, Gülüş - Günel Əsədova, Tafta - Vüsalə Teymurzadə, Laylay - Nigar Rüstəmova, Dilbər - Zeynəb Hüseynova, Balaş,kor ərəbin mahnısı - Cavidan İsayev, Balaş, Fikrət Əmirovun İşləməsində xalq mahnısı "Küçələrə su səpmişəm" - Mikayıl Nəsirov, Şəms Cəfərova, Sara Hüseynova, Fidan Mənsurova(trio Reyhan), Baharımsan - Ləman Əhmədova, Mədinə Mirzəyeva- Göygöl, Günel Əsədova - Fikrət Əmirovun işləməsində "Evləri var xana-xana",  konsertmeyster Vəfa Əzizova, Rəhimə xanım Qurbanovaya daha böyük səhnələrdə çıxış edərək sənətin zirvəsinə qədər qalxmağı arzu edirəm.

Azərbaycan Milli Konservatoriyası bir sənət ocağıdır. Bu ocağdan musiqi sənətinə atılan qığılcımlar daima yaşayacaq.

Aysel Fikrət

Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi 

222