Həsən Seyidbəylinin 103 illiyi

 09:30 22.12.2023     179

Azərbaycan incəsənətinin görkəmli nümayəndələrindən olan Xalq artisti Həsən Seyidbəylinin yaradıcılığı hər zaman sənətşünasların diqqət mərkəzində olub və zaman-zaman onun sənət dünyası tədqiqat obyektinə çevrilib.

Redaktor.az xəbər verir ki, bu gün görkəmli kino xadiminin anadan olmasından 103 il ötür.

Milli Azərbaycan kinosunun inkişafında xüsusi yeri olan, öz adını uğurlu filmləri ilə Azərbaycan kino salnaməsinə qızıl hərflərlə yazdıran kinorejissor, ssenarist, Xalq artisti Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olub. Həsən Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb.

“Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963-1980-cı illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib.

Həsən Seyidbəylinin “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. “Telefonçu qız” povesti, “Cəbhədən-cəbhəyə”, “Tərsanə”, “Çiçək”, romanları, “Dəniz cəsurları sevir”, Sən nə üçün susursan” (Hər ikisi İ.Qasımovla birgə) pyeslərinin, “Uzaq sahillərdə” (İ.Qasımovla birgə) əsərinin müəllifidir. Filmləri ümumittifaq kino festivallarında mükafat və diplomlara layiq görülüb. “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Qızmar günəş altında”, “O qızı tapın”, “Yolda əhvalat”, “Uzaq sahillərdə” (İ.Qasımovla birlikdə) və neçə-neçə gözəl filmlərin rejissoru və ssenari müəllifidir.

Kinoşünaslar da söyləyiblər ki, Həsən Seyidbəyli öz filmlərində tanınmayan, amma istedadlı insanları çəkib. “Nəsimi” filmi buna sübutdur. Baş rolu yaratmaq üçün namizədlərin sayı çox olub. Lakin Həsən Seyidbəylinin inadı və həssas duyumu yalnız Rasim Balayevə yönəlib. Gənc bir tələbənin belə bir tarixi şəxsiyyətin, böyük şairin obrazını məharətlə yaratmasına inanan Həsən Seyidbəyli həqiqətən də yanılmayıb. Müdrik və uzaqgörən insan olub. İşinə də, sənətinə də məsuliyyətlə yanaşıb. Seçimində həssas olub. Onun üçün əsas meyar istedad və yenə də istedad olub.

İctimai-siyasi xadim kimi diqqət mərkəzində olan bu şəxsiyyət tez-tez xarici ölkələrdə müxtəlif səfərlərdə olub. Hər səfərdən qayıdışı isə mətbuat səhifələrində oçerk, təəssürat, yol qeydləri kimi öz əksini tapıb. Müəllifin bu sahədəki xidmətləri təqdirəlayiqdir. “İlk tanışlıq”, “On beş gün Yaponiyada”, “Yuqoslaviya xatirələri”, “İyirmi gün Amerikada”, “Gördüyüm yerlər” adlı publisistik kitablarda məhz səfər təəssüratlarından bəhs edilib.

Həm kinorejissor, həm də yazıçı kimi mükəmməl yaradıcılığa malik olan Həsən Seyidbəyli bir neçə çağırış Azərbaycan Ali Sovetinin və Bakı Sovetinin deputatı kimi də fəaliyyət göstərib. Filmləri ümumittifaq kino festivallarında diplomlara layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmiş Həsən Seyidbəylinin yaradıcı əməyi həmişə qiymətləndirilib.

Ötən il görkəmli kinorejissor, ssenarist, kinodramaturq, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizdə görkəmli sənətkarın yubileyi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib.

Görkəmli sənətkar 25 iyun 1980-ci ildə Bakıda vəfat edib.