Professor İlham Rəhimovun Rusiyada yeni kitabı çapdan çıxıb - FOTO
Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Sankt-Peterburqun “Юридический центр” nəşriyyatı tərəfindən rus dilində “Преступление и наказание в мировых религиях” (“Dünya dinlərində cinayət və cəza ”) adlı yeni kitabı çapdan çıxıb.
Redaktor.az xəbər verir ki, bu əsər müəllifin, daha əvvəl “Din və Cəza” (2020) kitabında təsbit edilmiş cinayət hüququnun mühüm əhəmiyyətli əsası kimi, cinayət və cəza institutu ideyasının təkamülündə dinin rolu və əhəmiyyəti ilə bağlı fikirlərinin davamıdır. Kitabda cinayət anlayışının təkcə hüquqi deyil, həm də tarixi, dini və fəlsəfi aspektləri, onun səbəbləri, dünya dinlərində cəzanın mahiyyəti və sosial rolu nəzərdən keçirilir.
Kitabın rəyçiləri hüquq elmləri doktoru Esbergen Orazulı Alauxanov, hüquq elmləri doktoru Şəhla Səmədova və AME-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadədir.
Kitab hüquqşünaslar, filosoflar, müxtəlif dinlərin nümayəndələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.