Misirin əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı

 09:26 16.02.2024     399

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisini davam etdirir.

Redaktor.az xəbər verir ki, birliyin fəal üzvü İnarə Osmanova universitetin humanitar fənlər fakültəsinin birinci və ikinci kurslarında Azərbaycan dilini tələbələrə tədris edir. O, 2017-2018 tədris illərindən etibarən bu ali təhsil ocağında könüllü olaraq tələbələrə ana dilimizi öyrədir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin mədəniyyəti və müasir inkişafı haqqında da geniş məlumat verilir. 

Azərbaycan dili dərslərində 200-ə yaxın tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı diaspor sədri, tədqiqatçı-alim Seymur Nəsirova müraciət ediblər. Bu müraciət əsasında tələbələr üçün Qahirədəki diaspora mərkəzində əlavə kurslar təşkil olunacaq.

Qeyd edək ki, Qahirədəki diaspora mərkəzinin nəzdindəki kurslarda Azərbaycan dili, muğam sənəti və digər fənlər üzrə 57 ölkədən 600-dən çox tələbə ödənişsiz təhsil alır.

Humay İSGƏNDƏRLİ