Xocalıda itkin düşən 13 sakinlə bağlı film çəkilib

 12:57 17.02.2024     418

Xocalıda itkin düşən 13 sakinlə bağlı “13” adlı bədii-sənədli filmin premyerası olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Agentliyin maliyyə dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin ərsəyə gətirdiyi filmdə Xocalı itkinlərindən 13 nəfərin naməlum taleyi araşdırılır. Filmin müəllifi Birliyinin sədri, telejurnalist və ssenarist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri Xəyyam Abdulla, operatoru Əhməd Barasovdur.

“13” adlı bədii-sənədli film 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrdən bəhs edir. Belə ki, Xocalı soyqırımı zamanı 2 gün meşədə gizləndikdən sonra Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhali həmin kənddəki fermaya aparılır. Orada Ermənistanın müharibə cinayətkarları dinc insanlara amansız işgəncələr verir, fermada saxlanılan girovların içərisindən 13 nəfər gənc seçilərək naməlum istiqamətə aparılır. Həmin 13 nəfərdən bu günə qədər də xəbər yoxdur. Onların ailə üzvləri və yaxınları, hadisələrin canlı iştirakçıları ilk dəfə təfərrüatları açıqlayır.

Bakıda premyerasından sonra filmin bir sıra xarici ölkələrdə ingilis dilində nümayişi nəzərdə tutulur.